BAKI, AzerVoice
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan dörd ayrı yolsuzluq araşdırmasında, aralarında sabiq CHP millət vəkili Aykut Erdoğdu və beş ilçe bələdiyyə başçısının da olduğu 47 nəfər haqqında həbs qərarı verilib.
AzerVoice xəbər verir ki, adıçəkilən şəxslərə “rüşvət alma”, “rüşvət vermə”, və “tenderə müdaxilə” kimi ittihamlar irəli sürülüb.
Araşdırmalar çərçivəsində Beşiktaş, Avcılar, Ceyhan, Seyhan, Gaziosmanpaşa və Büyükçekmece bələdiyyələrində tenderlər və rüşvət iddiaları ilə bağlı ciddi faktlar ortaya çıxıb.
Əldə edilən məlumatlara əsasən, cinayətkar şəbəkənin başçısı olduğu iddia edilən və istintaqda fəal əməkdaşlıq edən Aziz İhsan Aktaş ifadəsində bir çox bələdiyyədən rüşvət müqabilində haqlı ödənişlərin həyata keçirildiyini deyib. Aktaş, həmçinin bəzi bələdiyyə başçıları və müavinlərinə pul verməyə, onların şəxsi mülklərini yüksək qiymətlərlə almağa məcbur edildiyini bildirib.
Araşdırmalar nəticəsində İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və ona bağlı qurumlarda da “yolsuzluq” və “terror” iddiaları üzrə istintaq aparılıb.
Bundan başqa, Beşiktaş Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər İdarəsində keçirilən 29 Oktyabr Respublika Bayramı tədbirləri ilə bağlı birbaşa satınalma prosesində də korrupsiya iddiaları ilə bağlı 11 nəfər barəsində həbs qərarı çıxarılıb.
Hazırda aparılan əməliyyatlarda 47 nəfər haqqında həbs qərarı verilib və istintaq davam edir.