Əsas səhifə » CHP-nin sədri Özgür Özələ hücum olunub

CHP-nin sədri Özgür Özələ hücum olunub

BAKI, AzerVoice

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, ürək problemi səbəbilə vəfat edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Sırrı Süreyya Öndər üçün Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdən sonra fiziki hücuma məruz qalıb.

AzerVoice-un məlumatına görə, mərasimdən gedərkən yanına yaxınlaşan 66 yaşlı şəxs tərəfindən yumruqla vurulan Özgür Özəl, mühafizəçilərin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı açıqlama yayaraq, məsələ ilə bağlı istintaqa başlandığını və şübhəlinin artıq nəzarətə alındığını bildirib.

TBMM sədri Numan Kurtulmuş hücumu alçaq hərəkət kimi qiymətləndirib. Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz isə bu hücumun cəmiyyətin birliyinə yönəldiyini vurğulayıb.

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya hücumu qınayaraq, hücum edən şəxsin daha öncə iki uşağını qətlə yetirdiyinə görə ömürlük həbslə cəzalandırıldığını, lakin 2020-ci ildə şərti azadlığa buraxıldığını açıqlayıb.

Ədliyyə Naziri Yılmaz Tunç hücumdan dərhal sonra istintaqın başladıldığını və zorakılığın heç bir fikir ayrılığı üçün məqbul vasitə olmadığını qeyd edib.

Xarici İşlər Naziri Hakan Fidan, bu cür hücumların demokratik siyasət mədəniyyətini hədəf alan, sosial sülhü zədələyən təhlükəli təşəbbüslər kimi qiymətləndirərək, hücumu pisləyib.

Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik isə bildirib ki, siyasət qurumuna edilən heç bir hücum qəbul edilə bilməz.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndər, 15 aprel tarixində ürək tutması səbəbilə vəfat edib.

Digər Kateqoriyalar

2025 © Azervoice