BAKI, AzerVoice
Türk Hava Yolları (THY) Asiya və Amerikadan 15 milyon turist hədəfi qoyduğunu açıqlayıb
AzerVoice xəbər verir ki, THY İdarə
Heyətinin və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat, Yaponiyada
keçirilən EXPO 2025 Osaka sərgisində jurnalistlərin suallarını
cavablandırarkən Türkiyənin turizm hədəfləri ilə bağlı mühüm
açıqlamalar verib.
Bolat bildirib ki, 2023-cü ildə Asiya və Amerikanın 11 ölkəsindən
Türkiyəyə 3,3 milyon turist gəlib və hədəfləri 2033-cü ilə qədər bu
rəqəmi 15 milyon nəfərə çatdırmaqdır.
Ahmet Bolat çıxışında qeyd edib ki, THY yüksək əlavə dəyər yaradan, mədəniyyət və qastronomiyaya maraq göstərən turistləri Türkiyəyə cəlb etməyə xüsusi önəm verir. Onun sözlərinə görə, bu kateqoriyaya aid olan turistlərin bir nəfərlik orta xərci təxminən 3 min dollar təşkil edir və bu, həm Türkiyə iqtisadiyyatı, həm də THY üçün ciddi gəlir mənbəyidir. Bu məqsədlə Asiya və Amerikada tanıtım işləri genişləndirilib və Anadolunun zəngin tarixi irsinin ön plana çıxarılması strategiyanın əsas istiqamətini təşkil edir.
Bolat həmçinin bildirib ki, THY Yaponiya ilə Türkiyə arasında 550 min sərnişin daşımağı planlaşdırır və bu sərnişinlərin 200 mininin yapon turist olacağı gözlənilir. 2025-ci ildə isə bu sayın daha da artması hədəflənir. O əlavə edib ki, qlobal iqtisadi böhran və aviasiya sektorunda müşahidə olunan durğunluğa baxmayaraq, THY tanıtım və sərmayə fəaliyyətlərini davam etdirəcək.
THY rəhbəri dünya aviasiya sektorunda sərnişin başına gəlirin azaldığını, amma rəqabətə baxmayaraq, keyfiyyətli xidmət təqdim etməkdən imtina etməyəcəklərini də vurğulayıb. Sərnişin başına qazancın 14 dollara qədər endiyini qeyd edən Bolat, sərmayələrin davamı üçün gəlirliliyin qorunmasının vacibliyini bildirib.
EXPO 2025 Osaka sərgisi çərçivəsində THY və Türkiyənin milli pavilyonu böyük maraq doğurub. Sərgidə 30 milyon ziyarətçi gözlənilir və THY bu imkanı Asiya bazarında mövqeyini gücləndirmək üçün dəyərləndirir. Tədbir çərçivəsində 1890-cı ildə Kuşimoto sahillərində yapon xalqının türk əsgərlərini xilas etməsi və 1985-ci ildə İranda qalan yaponların Türk Hava Yolları tərəfindən təxliyə olunması hadisələrini əks etdirən “Kuşimoto” sənədli filmi də nümayiş etdirilib.
Qeyd edək ki, THY 1989-cu ildən etibarən Yaponiyaya birbaşa uçuşlar həyata keçirir və hazırda İstanbuldan Tokio və Osakaya hər gün reyslər təşkil olunur. Gələcək illərdə Asiya və Amerika bazarlarından Türkiyəyə daha çox turist cəlb olunması üçün fəaliyyətlər davam etdiriləcək.