BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə yayımladığı mesajda, bu günün türk millətinin müstəqillik və azadlıq mübarizəsinin simvolu olduğunu, məzlum xalqlara ümid verdiyini və “Türk Əsri”nin təməli olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki, Ərdoğan mesajında, “30 Avqust türk millətinin azadlıq yolunda göstərdiyi misilsiz iradənin, sarsılmaz inamın və qəhrəmanlığın ən güclü rəmzlərindən biridir,” – deyib. O, Böyük Taarruzun qəhrəman ordunun vətənpərvərliyi və xalqın vahid iradəsi ilə qazanıldığını, bu zəfərin Cümhuriyyətin əsaslarını qoyduğunu qeyd edib.
Türkiyə Prezidenti, “Bu qələbə təkcə hərbi bir uğur deyil, millətimizin dirilişinin və əbədi müstəqilliyinin sübutudur,” – ifadəsini işlədərək, Türk millətinin heç vaxt əsarətə boyun əyməyəcəyini və müstəqilliyindən verməyəcəyini bütün dünyaya bəyan etdiyini bildirib. Ərdoğan, 30 Avqustun tarixi bir xatirə olmaqla yanaşı, gələcək nəsillərə yol göstərici olduğunu, “Türk Əsri” vizyonu ilə vətəni daha güclü və firavan etməyin ən böyük borc olduğunu vurğulayıb.
Mesajında şəhidləri və qaziləri minnətdarlıqla yad edən Ərdoğan, Türk xalqını 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik edib.