Bakı, AzerVoice
Türkiyədə mələk investorlar 2013-cü ilin iyun ayından etibarən başlanğıc və ya böyümə mərhələsində olan startaplara 39,4 milyon lirə (1,1 milyon dollar) sərmayə ayırıblar.
AzerVoice xəbər verir ki, bu haqda Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin məlumatlarına əsasən araşdırma aparılıb.
Qeyd edək ki, Türkiyədə maliyyə vəsaitlərinin vençur kapitalı fondlarına köçürülməsini tənzimləyən fərdi iştirak kapitalı sistemi haqqında qanunvericilik 2012-ci ilin iyun ayında verilib. Sistem 2013-cü ilin fevral ayında qüvvəyə minən icra tənzimləməsi ilə fəaliyyətə başlasa da, bu çərçivədə ilk investisiya 2013-cü ilin iyun ayında edilib.
Qeyd olunan tarixdən indiyədək ləğv edilənlər istisna olmaqla 1072 mələk investor lisenziyası verilib. Bunlardan 594-ü aktivdir. Müraciət çərçivəsində ötən il 158, bu ilin altı ayında isə 48 lisenziya verilib.
Burada onu da əlavə edək ki, mələk sərmayə ölkələrin gəlir səviyyəsindən asılı olaraq ayrı-ayrı şəxslərin üç min dollardan bir neçə yüz min dollara qədər startaplara qoyduqları sərmayələrə deyilir. Mələk investorlar yeni startaplara hələ qarajda olanda, ideya mərhələsində yatırım edənlərdir.
Mələk investor kimi edilən lisenziya müraciətlərinin 67,91 faizinin yüksək gəlirli və ya sərvət sahibi, 32,09 faizinin isə təcrübəli şəxslər olduğu müəyyən edilib.
Türkiyədə mələk investisiya şəbəkələri vasitəsilə ilk investisiyanın həyata keçirildiyi 2013-cü ilin iyun ayından bu yana 224 investor başlanğıc və ya böyümə mərhələsindəki 71 layihə üçün 39 milyon 388 min lirə sərmayə ayırıb. Müraciət çərçivəsində keçən il dörd investor 17 startap şirkətinə 5,2 milyon lirə kapital ayərarkən, bu ilin ilk yarısında 27 mələk investorun 9 layihə üçün 6 milyon 613 min lirə sərmayə ayırdığı qeyd edilib.
İnvestisiya müraciətlərindən biri Konya, biri Bursa, biri Kocaeli, ikisi Kırıkkale, ikisi İzmir, dördü Ankara, 60-ı İstanbulda fəaliyyət göstərən şirkətlər üçün edilib.
İnvestisiya edilmiş müəssisələrin 42 faizinin 5-dən az, 20 faizinin 5 ilə 10 arasında, 38 faizinin isə 10-dan çox ortağı olduğu müəyyən edilmişdir.
Mələk investorların sərmayə ayırdığı aparıcı sektorlar kompüter proqramlaşdırması və konsaltinq, informasiya texnologiyaları və kompüter xidməti fəaliyyətləri olub. Bu sektorları məlumatların emalı və hostinqi, elmi tədqiqat və təkmilləşdirmə fəaliyyətləri təqib edirş
Fərdi iştirak investorları lisenziya və investisiyalar üçün Nazirlik tərəfindən akkreditə olunmuş şəbəkələr vasitəsilə müraciət edə bilərlər.
Şəbəkələr, həmçinin akkreditasiyadan keçmək üçün Nazirlik tərəfindən müəyyən edilmiş öhdəlikləri yerinə yetirməlidir. Sistemdə 18 aktiv akkreditə olunmuş şəbəkə olmaqla, onlardan 10-u İstanbulda, ikisi Antalyada, biri Diyarbəkirdə, biri İzmirdə, biri Kayseridə, biri Ankarada, biri Elazığda və biri Bursada yerləşir.
Qeyd edək ki, Azərbaycanın ilk Mələk İnvestorlar Klubu “Technovate-Sabah Mələk İnvestorlar Klubu” hesab edilir. Bu klub ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya qoymasına dəstək olaraq Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verir. Klub 2022-ci ildə “Technovate” şirkətinin rəhbəri Fərid İsmayılzadə və SABAH.hub tərəfindən təsis olunub.
Həmçinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2023-cü ilin əvvəlindən yerli startap ekosisteminin inkişafı istiqamətində ölkənin ilk rəsmi Mələk İnvestorlar Klubu olan “Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ”Technovate – Sabah’’ Mələk İnvestorlar Klubunun insan resurslarının formalaşdırılmasına, idarəetmə xərclərinin qarşılanmasına və investorların səriştəliyinin artırılmasına dəstək göstərir.