Bakı,
AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın Qəzza ilə bağlı
planına sərt reaksiya verib.
AzerVoice xəbər verir ki, Malayziya,
İndoneziya və Pakistan səfərlərindən qayıdarkən jurnalistlərin
suallarını cavablandıran Ərdoğan, ABŞ-ın bölgə ilə bağlı yanlış
hesablamalar etdiyini vurğulayıb.
O, Qəzzalıların sürgün edilməsini "tam vəhşilik" adlandıraraq,
bunun qəbuledilməz olduğunu bildirib.
"Bu bölgədə sionist yalanlarına inanmaq və sərhədləri zorla dəyişdirmək qan və göz yaşından başqa bir şey gətirməyəcək. Tramp yeni müharibələr deyil, sülh üçün addımlar atmalıdır. Qəzzada soyqırım baş verir və beynəlxalq hüquq bunu dayandırmalıdır." - deyə o bildirib.
Ərdoğan Türkiyənin həmişə Fələstin xalqının hüquqlarını müdafiə etdiyini və ədalətli həll üçün strategiyaların hazırlanmasının vacib olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti 1967-ci il sərhədlərinə əsaslanan müstəqil Fələstin Dövlətinin tanınması üçün hərəkət etməyə çağırıb.
"Fələstin xalqının sürgün edilməsi bölgədəki münaqişələri daha da dərinləşdirəcək. Sülh yalnız hər iki tərəfin hüquqlarının tanındığı ədalətli bir yanaşma ilə mümkündür. Biz bu çərçivədə istənilən sülh təşəbbüsünü dəstəkləməyə hazırıq." – deyə, Ərdoğan əlavə edib.