BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub.
AzerVoice xəbər verir ki, məqalədə Ərdoğan regional sabitliyin təmin olunmasında Suriyanın roluna xüsusi diqqət yetirib. O bildirib ki, 2011-ci ildən bu yana Suriyada davam edən münaqişələr yüz minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı didərgin salıb və ölkədə ciddi dağıntılara səbəb olub.
Ərdoğanın sözlərinə görə, bu gün bütün Yaxın Şərqdə sabitliyin bərqərar olunması üçün Suriyanın yenidən qurulması və bərpası qaçınılmazdır.
Ərdoğan vurğulayıb ki, Suriyanın gələcəyini müəyyən edəcək bütün qərarlarda suriyalıların maraqları və ortaq iradəsi əsas götürülməlidir.
“Suriyada davamlı sülh və sabitlik yalnız hər hansı bir qrupa və ya aidiyyətə üstünlük verilmədən, bütün suriyalıların ortaq iradəsi nəzərə alınmaqla mümkündür”, – deyə Ərdoğan qeyd edib.
Ərdoğan, Türkiyənin Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət prinsipinə sadiq qaldığını vurğulayaraq bildirib ki, ölkəsi ayrılıqçılığa və terror təşkilatlarına meydan açan bütün təşəbbüslərə qarşı çıxmağa davam edəcək.
Türkiyə Prezidenti həmçinin qeyd edib ki, son 14 ildə Suriyada buraxılmış səhvləri düzəltməyin yeganə yolu davamlı dövlət və cəmiyyət quruluşunun formalaşdırılmasına dəstək olmaqdır. Bu dəstək isə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması üzərində qurulmalıdır.