BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirlərinin İllik Koordinasiya Toplantısında çıxış edərək İsrailin bölgədəki siyasətini sərt şəkildə tənqid edib.
AzerVoice xəbər verir ki, Fidan bildirib ki, Qəzzada törədilən soyqırım və İsrailin İordan çayının qərb sahilini ilhaq etməyə yönəlik səyləri bölgədə təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, İsrailin hazırkı fəaliyyəti, yalnız Fələstin xalqına qarşı deyil, bütün regionun sabitliyinə qarşı yönəlmiş bir təhdid olaraq qiymətləndirilməlidir.
“İsrail, Netanyahu rejimi altında 'Böyük İsrail' xülyaları ilə korlaşmış bir quldur aktora çevrilmişdir,” – deyə Fidan vurğulayıb.
Nazir, İƏT üzv ölkələrinin İsrailə qarşı vahid mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib və beynəlxalq ictimaiyyətin İsrailə silah və sursat axınını dayandırmaq üçün ortaq fəaliyyət göstərməsinin önəmini vurğulayıb.
Fidan həmçinin, Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin bu məsələdə daha fəal rol almalı olduğunu və İsrailin cəzasız qalmaması üçün hüquqi mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.
Nazir çıxışında Fələstin Dövlətinin BMT-yə tam üzv olması məsələsinə də toxunub və bu istiqamətdə son zamanlar artan beynəlxalq dəstəyin önəmini vurğulayıb.
Eyni zamanda o bildirib ki, Suriyanın sabitliyi, bütün bölgənin təhlükəsizliyi üçün vacibdir və İsrailin bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlar dayandırılmalıdır.
Fidan həmçinin dünya miqyasında artan islamofobiya hallarına diqqət çəkib və müsəlman icmalarına qarşı artan irqçi hərəkətlərin narahatedici hal aldığını bildirib. O, İƏT üzv dövlətlərini bu məsələdə ortaq reaksiya göstərməyə çağırıb.
Nazir çıxışının sonunda Kipr və Qərbi Trakiyada yaşayan müsəlman türk azlıqların hüquqlarının ciddi şəkildə pozulduğunu vurğulayaraq, İƏT ölkələrini bu azlıqlara dəstək verməyə və onlarla birbaşa əlaqə qurmağa dəvət edib.