BAKI, AzerVoice
Türkiyəli Nobel mükafatçısı, tanınmış alim professor Əziz Sancar, Türk Dünyasının Birliyinə verdiyi töhfəyə görə Alisher Nəvai adına Beynəlxalq Mükafatla təltif olunub.
AzerVoice xəbər verir ki, mükafat, Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısı çərçivəsində təqdim olunub.
Mükafatı təqdim edən Japarov çıxışında vurğulayıb ki, Əziz Sancar sadəcə elmi uğurları ilə deyil, həm də müxtəlif mədəniyyətləri birləşdirən bir şəxsiyyət kimi tanınır.
“Sancarın molekulyar biologiya və tibb sahəsindəki töhfəsi təkcə bir fərdin uğuru deyil, milyonlarla alim üçün ilham mənbəyidir”- deyə Japarov bildirib.
O əlavə edib ki, Əziz Sancar türk dünyasının qürur mənbəyidir və bu mükafat onun türk mədəniyyəti və intellektual irsinin elçisi kimi fəaliyyətini təqdir edir.
Əziz Sancar ultrabənövşəyi şüalanma nəticəsində zədələnmiş DNT-nin bərpası mexanizmləri üzrə apardığı tədqiqatlarla dünya elminə mühüm töhfələr verib. Onun araşdırmaları qocalma və xərçəngin inkişaf prosesi ilə bağlı anlayışlara ciddi təsir göstərib.
Professor Sancar 400-dən artıq elmi məqalə və 33 kitabın müəllifidir. O, 2015-ci ildə DNT bərpası üzrə apardığı tədqiqatlara görə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Həmçinin qeyd edək ki, Alisher Nəvai adına beynəlxalq mükafat ilk dəfə 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının XI Zirvə görüşü çərçivəsində təqdim olunub. Həmin il mükafat, ölümündən sonra böyük qırğız yazıçısı Çingiz Aytmatova verilib.







