BAKI,AzerVoice, Fərid Mikayılov
Barselonanın gənc ulduzu Lamin Yamal klubdakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
AzerVoice xəbər verir ki, La Masia akademiyasının yetirməsi olan 18 yaşlı hücumçu Kamp Nounu heç vaxt tərk etməmək arzusunda olduğunu vurğulayıb.
Yamal bildirib ki, dünyanın ən yaxşı klubu və ən gözəl şəhəri hesab etdiyi Barselonada “əbədi qalmaq” istəyir.
“Ümid edirəm ki, burada həmişəlik qala bilərəm. Hər gün zövq aldığım, dünyanın ən yaxşı klubu və şəhərində” - deyə Yamal qeyd edib.
Cəmi 15 yaşında əsas komandada debüt edən Lamin Yamal artıq Barselona forması ilə 100-dən çox oyuna çıxıb və 38 qol müəllifi olub. Onun qısa karyerasına artıq La Liqa çempionluğu və Avropa çempionluğu kimi titullar daxildir. Gənc futbolçu İspaniya millisində də 23 oyuna çıxaraq adından söz etdirib.
Klub rəhbərliyi Yamalı uzunmüddətli müqavilə ilə bağlayaraq ona simvolik 10 nömrəli formanı etibar edib. “Barselona” rəhbərliyi onun Lionel Messi kimi klub əfsanəsinə çevriləcəyinə ümid edir.
2025-ci il Qızıl top səsverməsində ikinci yeri tutan Yamal artıq dünyanın ən yaxşı futbolçularından biri kimi qiymətləndirilir. Buna baxmayaraq, o, əldə etdikləri ilə kifayətlənmək niyyətində olmadığını bildirib.