BAKI,AzerVoice, Fərid Mikayılov
Avropa futbolunun iki tanınmış siması, Pep Qvardiola və Joze Mourinyo bu dəfə dolayısı ilə eyni uğurun tərəfdaşına çevrilib. 2025/26 mövsümündə Çempionlar Liqasında Mançester Sitinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasında Benfikanın son saniyələrdə vurduğu həlledici qol mühüm rol oynayıb.
AzerVoice xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin son turunda Mançester Siti öz oyununda Qalatasaray üzərində 2:0 hesablı qələbə qazanaraq ilk səkkizlikdə yerini təmin etməyə yaxınlaşıb.
Lakin yekun mövqe Benfika – Real Madrid qarşılaşmasının nəticəsindən asılı olub.
Lissabonda baş tutan dramatik oyunda Benfika qapıçısı Anatoliy Trubin 90+8-ci dəqiqədə irəli çıxaraq başla qol vurub və komandasının turnirdə yoluna davam etməsini təmin edib. Bu qol eyni zamanda Mançester Sitinin turnir cədvəlində ilk səkkizlikdə qalmasını rəsmiləşdirib və İngiltərə təmsilçisini iki oyunlu pley-off mərhələsindən xilas edib.
Qvardiola matçdan sonra maraqlı açıqlama verib. O bildirib ki, Benfikanın qapıçısının hücuma qoşulması ilk anda riskli görünsə də, Joze Mourinyonun taktiki qərarı özünü doğruldub.
Qvardiola vurğulayıb ki, sıx oyun qrafiki fonunda pley-off mərhələsindən yayınmaq komanda üçün böyük üstünlükdür. Mançester Siti hazırda Çempionlar Liqası ilə yanaşı, İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və Liqa Kubokunda mübarizəni davam etdirir.