BAKI, AzerVoice
Türkiyənin Qalatasaray klubu Almaniya millisinin üzvü və Mançester Siti komandasının təcrübəli yarımmüdafiəçisi İlkay Gündoğanla şəxsi razılıq əldə edib.
AzerVoice-un əldə etdiyi məlumata görə, 34 yaşlı futbolçu İstanbul təmsilçisinə keçməyə müsbət yanaşır.
Lakin transferin baş tutması üçün Qalatasaray hələ də Mançester Siti ilə rəsmi danışıqları davam etdirir.
Qeyd olunur ki, Gündoğanın müqaviləsinin bitməsinə az vaxt qaldığı üçün “şəhərlilər”in onu sərbəst buraxma ehtimalı da gündəmdədir. Bu isə İstanbul klubunun transferi daha rahat şəkildə reallaşdırmasına imkan yarada bilər.
İlkay Gündoğan daha əvvəl dəfələrlə Türkiyə klublarına keçidlə gündəmə gəlsə də, bu dəfə prosesin ciddi mərhələyə daxil olduğu bildirilir. Gələcək günlərdə Qalatasaray və Mançester Siti arasında aparılacaq danışıqların nəticəsi transferin taleyini müəyyən edəcək.