BAKI, AzerVoice
İtaliyanın “İnter” klubu Klublararası Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda Yaponiyanın “Urava Red Daymonds” komandasını 2:1 hesabı ilə məğlub edib.
AzerVoice xəbər verir ki, oyun ABŞ-ın Sietl şəhərində keçirilib.
Qarşılaşmada “İnter”in qollarını Lautaro Martines (78-ci dəqiqə) və Valentin Karboni (90+2) vurublar. Yapon klubunun yeganə qoluna isə 11-ci dəqiqədə Ryoma Vatanabe imza atıb.
Bu nəticə ilə E qrupunda “İnter” xallarını dördə yüksəldərək liderliyə yüksəlib. Xalsız “Urava” sonuncu yerdə qərarlaşaraq pley-off mərhələsinə çıxmaq şansını itirib.
Məlumat üçün bildirək ki, bu il ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında ilk dəfə 32 komanda iştirak edir. Komandalar səkkiz qrupa bölünüb və hər qrupdan ilk iki yerin sahibi 1/8 final mərhələsinə yüksələcək. Turnirin final oyunu iyulun 13-də baş tutacaq.