BAKI,AzerVoice, Fərid Mikayılov
Azərbaycanda avtomobil bazarında 2026-cı ildə tələbatın azalması və ümumi aktivliyin zəifləməsi gözlənilir.
Bu barədə AzerVoice-ə açıqlamasında avtomobil sahəsi üzrə ekspert Elman Məmmədov bildirib.
Ekspertin sözlərinə görə, ölkədə avtomobil bazarını formalaşdıran əsas amil hər zaman tələbat olub və bazarın istiqamətini məhz aktiv istehlakçı seqmentləri müəyyənləşdirib.
“Azərbaycanda avtomobil bazarını uzun müddət kütləvi taksi sektoru idarə edirdi. Hansı sahədə müştəri çox idisə, bazar da həmin istiqamətdə formalaşırdı. Lakin hazırda taksi bazarı artıq ciddi şəkildə limitlənib”- deyə o bildirib.
Məmmədov qeyd edib ki, xüsusilə Bakıda taksi fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər bazara birbaşa təsir göstərir.
“Taksi fəaliyyəti əsasən Bakıda cəmləşdiyindən, sertifikat tələblərinin sərtləşdirilməsi və sənəd prosedurlarının çətinləşdirilməsi taksi sayının azalmasına səbəb olub. Bu isə 2026-cı ildə avtomobil bazarında sönüklüyün hiss olunacağına işarə edir. Müştərinin itirilməsi bazara ciddi təsir göstərəcək”- deyə ekspert vurğulayıb.
Ekspert gömrük güzəştləri ilə bağlı dəyişikliklərin də bazarda qiymət artımına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, elektromobillər üçün güzəştlər saxlanılsa da, "hibrid" və “plug-in hybrid” avtomobillərə tətbiq edilən güzəştlərin ləğvi artıq öz təsirini göstərib.
“2025-ci ilin dekabr ayında bu dəyişiklik bazarda hiss olundu və hibrid avtomobillərin qiymətində minimum 3–4 min manat artım müşahidə edildi. Hazırda bu artım dayanıb və yaxın dövrdə 0 km avtomobillərin qiymətində əlavə yüksəliş gözlənilmir. Dekabr ayından bazar müəyyən tarazlıq vəziyyətinə keçib”- deyə Məmmədov qeyd edib.
Elman Məmmədov Çin faktoruna da diqqət çəkərək bildirib ki, Çin hökumətinin ixracla bağlı tətbiq etdiyi yeni qaydalar idxal prosesini qismən çətinləşdirib. Bununla belə, ikinci əl avtomobil bazarında ciddi qiymət artımı gözlənilmir:
“İkinci əl bazarında əsas idxal mənbələri Koreya və ABŞ-dır. Bu istiqamətdə hər hansı yeni vergi və ya qanun dəyişikliyi olmadığı üçün qiymət artımı üçün əsas yoxdur. Daxili bazarda olan avtomobillərdə də bahalaşma gözləmirəm”- deyə o bildirib.
Ekspertin fikrincə, 2026-cı ildə avtomobil bazarında əsas tendensiya tələbatın azalması olacaq.
“Gözləntim ondan ibarətdir ki, 2026-cı ildə həm yeni, həm də ikinci əl avtomobil bazarında ciddi dəyişiklik baş verməyəcək. Tələbat azalacaq və bu azalma ikinci əl avtomobillərin qiymətlərində müəyyən enişə səbəb ola bilər”- deyə Məmmədov sonda vurğulayıb.
