BAKI,AzerVoice
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində noyabrın 24-də Komitə sədri Ramin Məmmədov, Komitənin və Aİİ-nin rəhbər heyəti ali təhsil müəssisəsində təhsil alan Türkiyə Respublikasından olan tələbələrin evini ziyarət ediblər.
AzerVoice xəbər verir ki, komitə sədri Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu strateji müttəfiqlik iki ölkə arasında dini-mənəvi sahədə də əməkdaşlığın dərinləşməsinə, regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, tolerant və multikultural mühitimizin qorunmasına və dünyada təbliğinə mühüm prioritetlərdən biri kimi yanaşır.
Aİİ-də tələbələrin savadlı kadrlar kimi yetişmələri üçün hər cür şərait yaradıldığını vurğulayan R.Məmmədov nəzərə çatdırıb ki, Azərbaycan dövlətinin əsas məqsədi gənclərin savadlı, yüksək intellektli, eyni zamanda, vətənpərvər və milli-mənəvi dəyərlərimizə sadiq olan vətəndaşlar kimi yetişmələrinə nail olmaqdır.
Komitə sədri bildirib ki, “Qonağınız müəllimlərinizdir” layihəsi tələbələrin sosial-psixoloji rifahının gücləndirilməsi, mənəvi ehtiyaclarının dəstəklənməsi və təhsil mühitində sağlam kommunikasiyanın formalaşması baxımından mühüm təşəbbüsdür. Layihə çərçivəsində təşkil olunan görüşlər səmimi ünsiyyətin təşviqinə və hər bir tələbənin fərdi xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə şərait yaradır.
Türkiyəli tələbələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd ediblər ki, ali təhsil müəssisəsində gənclərin bilikli, yüksəkixtisaslı kadrlar kimi formalaşmaları üçün lazımi şərait mövcuddur.
Tələbələr Aİİ-də təhsilin ödənişsiz əsaslarla həyata keçirilməsini, eyni zamanda, müxtəlif adlı təqaüdlərin təsis edilməsini, xüsusi dəstək proqramlarının mövcud olmasını təhsilalanlar üçün yaradılan şəraitin bariz nümunəsi kimi qiymətləndiriblər.