BAKI,AzerVoice
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 20-də Sabirabad şəhərindəki “Heydər” məscidi və Sabirabad rayonu Əhmədabad kənd məscidini ziyarət edib.
AzerVoice xəbər verir ki, ziyarət zamanı din xadimləri ilə görüşlər keçirilib, bölgədəki dini durum müzakirə edilib.
Görüşlərdə əsas diqqət dini maarifləndirmənin gücləndirilməsi, dini ayinlərin icrasında vahid yanaşmanın tətbiqi kimi praktiki məsələlərə yönəldilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, dini sahədə maarifləndirmə işinin təşkili və gənclərin zərərli təsirlərdən qorunması bölgələr üçün xüsusi əhəmiyyət kəsb edir.
R.Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dini azadlıq və tolerantlığın inkişafı sahəsindəki xidmətlərini qeyd edərək, Onun müəyyən etdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, bölgələrdə din xadimlərinin hazırlıq səviyyəsinin artırılmasına və dini maarifçilik fəaliyyətlərinin sistemli şəkildə təşkil olunmasına dair çoxsaylı layihələr həyata keçirilir. Bu istiqamətdə görülən işlər həm din xadimlərinin fəaliyyətini asanlaşdırır, həm də ümumi dini mühitə müsbət təsir göstərir.
Din xadimləri məscidlərin bərpası, yeni ibadət evlərinin tikintisi, dini icmalara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər. Görüşlər zamanı din xadimlərinin təklifləri dinlənilib və onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.