Bakı, AzerVoice
Xocavəndin Qaradağlı kəndidə ermənilərin törətdiyi faciənin qurbanı olaraq itkin düşən Quliyev Mirzəli Müslət oğlunun nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb.
AzerVoice xəbər verir ki, şəhidin nəşi doğma kəndi Qaradağlıya gətirilib, vida mərasimi olub, cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub.
Mirzəli Quliyevin nəşinin qalıqları öz doğma kəndində, Qaradağlı şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq- mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Qaradağlı sakini Mirzəli Quliyev 1952-ci ildə Qaradağlı kəndində dünyaya göz açıb. Doğma kəndinin müdafiəsi zamanı sona qədər döyüşənlərdən biri olub.
Erməni hərbi birləşmələrinin kəndi işğal etdiyi zaman Mirzəli Quliyev də əsir götürülüb və onun taleyindən ötən müddətdə heç bir məlumat olmayıb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ermənilərin cinayət işləri açılan vaxt onun nəşinin qalıqları Ağdam-Xocavənd rayonlarının sərhəddində aşkarlanaraq şəxsiyyəti dəqiqləşdirilib.




