Bakı,AzerVoice
Süheyb Rumi Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. Onun soyu Bəni Nümeyr adlı ərəb qəbiləsindən idi. Kiçik yaşlarında Süheyb İraqda yaşamışdır. O zaman İran-Bizans savaşı başlamış və Süheyb bizanslılara əsir düşüb kölə olmuşdur. Buna görə də o, yunan dilini ərəb dilindən yaxşı bilmişdir. Uzun müddətdən sonra köləlikdən azad olmuş və Məkkəyə qayıtmışdır.
Süheyb ilk müsəlmanlardan biri idi. Məhəmmədin peyğəmbərliyi haqqında eşidən kimi onun yanına Ərqəmin evinə gedərək orada İslamı qəbil etmişdir. Buna görə də qüreyşlilər tərəfindən təqiblərə uğramışdır. Süheyb məkkəli deyildi. Buna görə də onun durumu daha ağır olmuşdur. Çünki, təqiblər dövründə onu heç bir Məkkə ailəsi qorumamışdır.
Mədinəyə hicrət zamanı məkkəlilər Süheybi şəhərdən çıxmağa qoymamışdırlar. Buna görə də o, öz malını, var-dövlətini şəhərdə qoyaraq Məkkədən qaçmalı olmuşdur.
Üstəlik yolda qüreyşlilər onu qarət də etmişdilər. Hicrət etdikdən sonra Süheyb müsəlman icmasının inkişaf etməsi üçün əlindən gələni etmiş, bir çox döyüşlərdə iştirak etmişdir.
Məhəmməd peyğəmbərin vəfatından sonra Süheyb ilk xəlifələri dəstəkləmişdir. Xəlifə Ömərin vəfatından sonra isə onun vəsiyyətinə görə Süheyb üç gün Mədinə məscidində camaat namazı qıldırmışdır. Süheyb təxminən 70 yaşında Mədinədə vəfat etmişdir.
