Əsas səhifə » Qlobal istiləşmə vulkanların fəallaşmasına səbəb ola bilər

Qlobal istiləşmə vulkanların fəallaşmasına səbəb ola bilər

BAKI, AzerVoice

Qlobal istiləşmə vulkan püskürmələrini artıraraq iqlim böhranını dərinləşdirə bilər.

AzerVoice xəbər verir ki, elm adamları buzlaqların əriməsinin vulkanik fəaliyyətə birbaşa təsir etdiyini və bu prosesin yeraltı maqma kameralarında təzyiqin azalması ilə daha güclü püskürmələrə səbəb ola biləcəyini bildirirlər.

Çilidə aparılan araşdırmaya əsasən, buz dövrünün sonlarında Pataqoniyada buzlaqların əriməsi Moço-Çoshuenko vulkanında güclü püskürmələrə yol açıb.

Alimlər bu ssenarinin yaxın gələcəkdə Qərbi Antarktidada da təkrarlana biləcəyindən ehtiyat edirlər.

“Buzlaqlar geri çəkildikcə, vulkanlar daha tez-tez və daha şiddətli püskürür” - deyə ABŞ-ın Viskonsin-Madison Universitetinin tədqiqatçısı Pablo Moreno-Yaeger bildirib. Onun sözlərinə görə, Qərbi Antarktida bölgəsində azı 100 aktiv vulkan mövcuddur və əgər buz təbəqəsi bu əsrdə ciddi əriməyə məruz qalarsa, bu, vulkanik fəallığın artmasına səbəb ola bilər.

Tədqiqatçılar əlavə edirlər ki, vulkan püskürmələri qısa müddətdə planetin soyumasına səbəb ola bilsə də, uzunmüddətli püskürmələr nəticəsində atmosferə buraxılan karbon qazı və metan istixana effektini artıraraq iqlim böhranını dərinləşdirə bilər. Bu da buzlaqların daha sürətli əriməsinə və növbəti püskürmələrin baş verməsinə zəmin yarada bilər.

Alimlər bu sahədə tədqiqatların hələ də kifayət qədər olmadığını vurğulayaraq, qlobal istiləşmənin vulkanik aktivliyə təsirinin daha dərindən öyrənilməsi və potensial fəlakətlərin qarşısının alınması üçün beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice