Bakı, AzerVoice
Müsəlmanlar dünyanın harasına gedirlərsə getsinlər, orada humanist dəyərlər və İslamın ruhu hakim idi. Nəticədə fəth edilən bölgələrin yerli əhalisi ilə müsəlmanlar qaynayıb-qarışırdılar. Ona görə də aparılan müharibələrin qalibləri ilə məğlubları arasında özgəlik və soyuqluq əvəzinə, yaxın və doğma münasibət nəzərə çarpırdı. İslamın yarandığı əsrdə müsəlmanlar bir tərəfdən Şimali Afrika və İspaniyaya, digər tərəfdən isə Çin və İndoneziyaya qədər uzanan geniş bir əraziyə gedib çıxmışdılar.
Bu uğurun sirri nə idi? Nə üçün müharibələrin üstündən bir əsr qədər uzun bir müddət keçdikdən sonra da insanlar İslamı qəbul edirdi? Özü də İslamın əvvəlki dövrlərinə nisbətdə daha çox axın var idi. Niyə monqollar minlərlə müsəlmanı vəhşicəsinə qətlə yetirdikdən və Bağdad daxil olmaqla bir neçə böyük şəhəri yerlə yeksan etdikdən sonra birdən-birə İslamı seçdilər?
Müharibələr ilk müsəlman cəmiyyətinin yaranmasından dərhal sonra başladı. Müsəlmanlara hücum edildi və onlar da heyrətamiz bir çevikliklə cavab verdilər. O dövrün iki super gücü olan Bizans və Sasani imperiyaları arasında tez-tez müharibələr olurdu. Həmin müharibələr zamanı arada qalan ərəblər hər iki güc tərəfindən həm bufer dövlət, həm də müttəfiq kimi istifadə edilirdilər. Nəticədə Bizans - İran müharibələrində çox sayda ərəb ölürdü.
VII əsrdə bizanslılar diqqətlərini ərəblərə tərəf yönəltdilər. Çünki İslamdan təsirlənən ərəblər əsrlər boyu davam edən yuxularından oyanırdılar. Bizans imperatoru I İrakli (Herakl – red.) Nineva döyüşündə iranlıları məğlub etdikdən sonra müsəlmanlara hücum etmək üçün ordu qurmuşdu. Həmin ordu bəzi Qərb tarixçilərinin qeyd etdiyi kimi heç də zəif deyildi. Bizansın müsəlmanların üzərinə göndərdiyi ordunu “zəif” kimi xarakterizə edən tarxiçilərin məqsədi İslamın qələbəsini kiçiltməkdir.
Müsəlmanların qarşısında müharibəyə texniki və taktiki cəhətdən hazır olan nizami Bizans ordusu dayanmışdı. Bizanslılar müsəlmanlardan qabaqcıl silah texnologiyası və kəmiyyət baxımından üstün idilər. Həmçinin cərrahlar və xərək daşıyanlardan ibarət təcili yardım dəstəsinə də malik idilər. Üstəlik bu ordu Romadan, Sezardan miras qalan döyüş sənətinin də varisi idi. Bizans ordusu sayca üstün idi və digər tərəfdən də İran müsəlmanlara hücum etmək üçün hazırlaşırdı.
Şərqdəki bu ilk mühüm döyüşdə iki böyük gücün də dəstəyi var idi. Halbuki, müsəlmanların heç bir dəstəyi yox idi. Yərmuk döyüşündə qırx min müsəlman iki yüz minlik nizami Bizans ordusu ilə qarşılaşmışdı. Bizans ordusu altı dəfə çox idi. Döyüşə dəstək vermək və əlavə ordu cəlb etmək üçün Fələstin sahilində Bizansın hərbi donanması dayanmışdı. Güclü və səriştəli sərkərdə Rüstəm Fərruxzadın rəhbərliyindəki İran qoşunları daha böyük və qorxunc “silah”a sahib idilər; Döyüş fillərini də gətirmişdilər. Kadisiyyə döyüşündə Sasani qoşununda otuz fil var idi.
Lakin müsəlmanlar bu döyüşdə qalib gəldilər. Diqqəti cəlb edən cəhət qazanılan zəfər deyildi, qalibiyyətin böyüklüyü və sürətlə baş verməsindəki qeyri-adilik idi.
İslam dünyasının gələcəyi baxımından digər mühüm bir məsələ də sülhsevər, demokratik cəmiyyətlərin müsəlmanlara qarşı necə münasibət bəsləməsidir.
Bizanslılar tərəfindən zülmə məruz qalan yəhudi və xristianlar (Şimali Afrikalı Donatçılar daxil olmaqla) müsəlmanları həmişə gülərüzlə qarşılamışdılar. Roma İmperiyasında saysız-hesabsız vəhşilik hökm sürürdü, lakin romalıların xələfi xristian bizanslılar onlardan geri qalmırdılar (Xüsusilə də hərbi sahədə). I Yustinian öz sələfləri kimi yəhudilərə qarşı soyqırım tətbiq etməklə yanaşı, sinaqoqları da məhv etmişdir. Yəhudilərin ibadətinə mane olmuş və digər hökmdarların da onlara zülm etməsi üçün çalışmışdır. Yustiniandan dörd əsr sonra hakimiyyətə gələn II Vasili isə Bolqarıstanı yerlə yeksan etmişdir. Bolqarları təslim olmağa razı salmaq üçün on beş min bolqar əsirini kor edib geri göndərmişdir.
Müsəlmanlar ədalətli idi, çünki İslam peyğəmbəri digər ölkələrin insanlarına “yaxşı münasibət” göstərilməsi barədə xəbərdarlıq etmişdi.
Müsəlman sərkərdə və ordu komandanı Xalid ibn Vəlid Suriya xalqı ilə ədalətli müqavilə bağlamışdır. Müqavilənin şərtləri Məhəmməd peyğəmbər və ilk xəlifə həzrət Əbu Bəkirin bir şəhəri alan fatehin necə rəftar etməli olduğuna dair nəsihətlərinə istinad edirdi. Həzrət Əbu Bəkir belə əmr etmişdi: “Heç kimi şikəst etməyin. Uşaqları, yaşlı kişiləri və qadınları öldürməyin. Xurma ağaclarına zərər verməyin və yandırmayın. İnsanlar və heyvanlar üçün meyvə verən ağacları əsla kəsməyin. Qoyun və dəvələri öldürməyin, ehtiyac üçün saxlayın və qoruyun”.
Müsəlmanlar məntiqli idilər, o dövrün müharibələrində vərdişə çevrilmiş vəhşiliklərdən tamamilə uzaq gəzirdilər. Nə fəth etdikləri şəhərlərə zərər verir, nə xalqı öldürür, nə də qadın və uşaqları əsir alırdılar. Müsəlman orduları hər hansı xoşagəlməz hadisə yaşanmaması üçün şəhərləri işğal etmir, düşərgə çadırları və hərbi qarnizonları şəhər ətrafında qururdular. Uzun müddət heç bir müsəlmanın fəth edilən şəhərdən ev və ya torpaq almasına icazə verilmirdi.
Müsəlmanlar sayəsində Bizans əsarətindən xilas olan Suriyadakı xristian xalqı deyirdi: “Sizin idarəetmənizi bəyənirik, sizin ədalətinizi bəyənirik. Bu, əvvəlki özbaşınalıq, zülm və amansızlıqdan çox yaxşıdır”.
Yakobitlər və Qibtilər kimi Misir və Suriya monofizitləri də müsəlmanları razılıqla qarşılamışdılar. Filip Hittiyə görə, müsəlmanlar Afrikanı fəth edərkən bərbərilər “yeni ağalarını (müsəlmanları) əvvəlkilərdən (bizanslılardan) özlərinə daha yaxın hesab etmişdilər”. Xocson isə Hindistandakı buddistlərin müsəlmanları seçdiklərini qeyd edir.
Məşhur Orta əsrlər tarixçisi Norman Frank Kantor İslamı “saysız-hesabsız insanı sürətlə özünə tərəf çəkən möhtəşəm bir inanc” kimi təsvir edir. Normana görə, İslamın qazandığı zəfər və uğurlar onun pozitiv, nikbin təbiətli din olması ilə bağlıdır. Qüdsdəki xəlifənin (həzrət Ömər) hakimiyyəti müsəlman idarəetməsinin müsbət təbiətini sübut etmişdir. Qüds patriarxı Sofroninin müsəlman bir hökmdardan başqa heç kimə təslim olmayacaqlarını söyləməsi nəticəsində, xəlifə 637-ci ildə şəhəri təslim almışdır. Patriarx qısa müddət əvvəl “müqəddəs şəhər”ə doğru yaxınlaşan “təhlükə” haqqında moizə oxumuşdur.
Sofroni şəhəri təslim almaq üçün gələn müsəlman hökmdarı qarşılamağa çıxır. Bu zaman uzun, sadə bir əba geyinmiş və yanında bir neçə müsəlman olan xəlifə Öməri görür. Sofroninin moizəsində qeyd etdiyi qorxunc qətliamların baş verməsi bir yana dursun, həzrət Ömər insanlıq xüsusiyyətləri bir-birindən ayrılmaz, beləliklə xaç üzərində əzab çəkən İsanın yalnız insani tərəfi deyil, həm də İlahi tərəfidir.
Həzrəti Ömər xristianlara yaxşı şərtlər təklif etmişdir. Xalqın təhlükəsizliyini təmin edəcəyi, heç kimin malına zərər verilməyəcəyi və ibadət yerlərinə toxunulmayacağına dair söz vermişdir. Daha sonra həzrət Ömər Davud məbədini (Bəzi tarixi mənbələrdə bu məbədin adı Süleyman məbədi kimi keçir – red.) ziyarət etmək istəmiş və binanın romalılar tərəfindən gübrə anbarı olaraq istifadə edildiyi üçün natəmiz vəziyyətdə olduğunu görmüşdür. Həzrət Ömər və yoldaşları məbədi təmizləyib orada ibadət etmişdilər.
Həzrət Ömər patriarxla birlikdə Müqəddəs Qəbir Kilsəsini ziyarət etdiyi əsnada namaz vaxtının çatdığı deyildiyi zaman Sofroni namaz qılmaları üçün kilsədə yer göstərmişdir. Həzrət Ömər, əgər orada namaz qılarlarsa, müsəlmanların kilsəni mənisməyəcəklərini və həmin yeri məscidə çevirməyə təşəbbüs göstərəcəklərini söyləyərək həmin təklifi qəbul etməmişdir.
Həzrət Ömər bundan sonra Qüdsdəki xristian idarəçilərin qoyduqları qanunları ləğv etmişdir. Yəhudilərin geri qayıtmasına və Qərb divarında (Ağlama divarı) ibadət etməsinə icazə vermişdir. Pol Consona görə, “İslami idarəetmə yəhudilərdə canlanma yaratmış” və “yenidən doğulmalarına səbəb olmuşdur”.
Müsəlmanlar fəth etdikləri şəhərlərin əhalisinə qarşı humanist rəftar edir və şəhərləri inkişaf etdirirdilər. Məsələn, müsəlman İspaniyasında Əmir I Əbdürrəhman VIII əsrdə Kordova şəhərini inkişaf etdirmiş, saraylar, bağlar və müxtəlif binalarla yanaşı, şəhərə içməli su gətirmək üçün su borusu çəkdirmişdir. Qısa müddət sonra müsəlman səyyah və coğrafiyaçılar Kordovanı “Şəhərlərin anası” adlandırmışdılar. Hittiyə görə, “gözəlliyi ilə, hətta, Almaniyaya təsir edən Kordovaya Sakson bir rahibə “dünyanın daş-qaşı” adını vermişdir”.