BAKI, AzerVoice
Bakıda keçirilən beynəlxalq konfrans Hindistanda zikhlərə və digər etnik azlıqlara qarşı həyata keçirilən zorakılıqların real mənzərəsini beynəlxalq ictimaiyyətə çatdırmağı hədəfləyir.
AzerVoice xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yanvarın 16-da Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, bugünkü tədbir çərçivəsində təqdim olunan sərgi, tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının pozulmasını və vəhşilikləri açıq şəkildə göstərəcək.
Abbas Abbasov qeyd edib ki, konfrans Hindistanda zikhlərə qarşı davam edən zorakılıq kimi ağrılı, təcili və çox zaman diqqətdən kənarda qalan bir mövzunu gündəmə gətirmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu tədbir yalnız akademik müzakirə və ya simvolik xarakter daşımır, eyni zamanda dürüst dialoq aparmaq, məsuliyyət tələb etmək üçün yaradılmış real platformadır.
BTQ-nin icraçı direktoru vurğulayıb ki, konfrans çərçivəsində zikhlərə qarşı ayrı-seçkiliyin tarixi kökləri və bu icmanın ədalət uğrunda apardığı uzunmüddətli mübarizə ətraflı şəkildə təhlil ediləcək. O bildirib ki, sərgi materialları, tarixi sənədlər və canlı şahid ifadələri vasitəsilə insan hüquqlarının sistemli şəkildə pozulması faktları iştirakçıların diqqətinə çatdırılacaq.
Abbas Abbasov əlavə edib ki, hazırda Bakı Təşəbbüs Qrupunun əsas məqsədlərindən biri müstəmləkəçilik və torpaq üzərində mənfəət əldə etməyə yönəlmiş yanaşmaların aradan qaldırılmasına xidmət edən beynəlxalq agentliyin formalaşdırılmasıdır. Onun sözlərinə görə, son iki il ərzində BTQ dünya üzrə 35-dən artıq birgə konfrans təşkil edib və bu tədbirlər çərçivəsində müxtəlif ölkələrdən siyasi liderlər, alimlər, hüquq mütəxəssisləri, müstəqillik hərəkatlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutları bir araya gətirilib.
O həmçinin bildirib ki, BTQ 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub, 25-dən artıq beynəlxalq təşkilat və institutla tərəfdaşlıq formalaşdırıb, 30-dan çox hesabat və dörd kitab nəşr edib, eləcə də Birləşmiş Millətlər Təşkilatına siyasət üzrə bir neçə alternativ hesabat təqdim edib.