BAKI, AzerVoice
Yanvarın 16-da Hərbi Memorial Məzarlıqda Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir.
AzerVoice xəbər verir ki, mərasimdə dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda energetika, ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib. Dekabrın 29-da İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə yanvarın 15-də gecə saatlarında Vətənə gətirilib.
Xəbər yenilənəcək