BAKI, AzerVoice, Fərid Mikayılov
Özbəkistanın İrandakı səfiri Fariddin Nasriyev iki ölkə arasında turizm və ticarət əlaqələrinin gücləndirilməsi zərurətini vurğulayıb.
AzerVoice xəbər verir ki, İsfahan vilayətinin qubernatoru Mehdi Camalinejad ilə görüşündə səfir turizm sahəsində birgə təşəbbüslərin və iqtisadi əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Nasriyev şəxsi əlaqələrinə toxunaraq, Səmərqənddə doğulduğunu, təhsil aldığını və ailəsi ilə birgə dəfələrlə İsfahana səfər etdiyini xatırladıb. O, həmçinin İsfahanda bir küçəyə “Səmərqənd küçəsi” adının verilməsini iki ölkə arasında tarixi-mədəni bağların rəmzi kimi təklif edib.
Səfir son illərdə uğurlu qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib. Xüsusilə, Xorasan-Rəzəvi əyalətindən 100 nəfərlik nümayəndə heyətinin Özbəkistana səfəri və qarşılıqlı olaraq Özbəkistan heyətinin İrana gəlişi əməkdaşlığın nümunəsi kimi göstərilib.
Turizm sahəsinə diqqət çəkən Nasriyev bildirib ki, Özbəkistan ötən il 12 milyon turisti qəbul edib və 2025-ci ildə bu rəqəmi 15 milyona çatdırmağı hədəfləyir. Bu məqsədlə Tehran–Daşkənd arasında həftəlik uçuşların artırılacağı açıqlanıb.
Nasriyev əlavə edib ki, ortaq biznes və turizm nümayəndə heyətlərinin mübadiləsi əlaqələrin inkişafına mühüm töhfə verəcək və bu görüş “iki ölkə arasında yeni bir əməkdaşlıq səhifəsinin başlanğıcı” olacaq.