BAKI, AzerVoice, Nailə Babazadə
İran Məclisində qəbul edilən qanuna baxmayaraq, Milli Təhlükəsizlik Ali Şurasının Buşehr Atom Elektrik Stansiyası və Tehran Tədqiqat Mərkəzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinə yoxlama aparmağa icazə verməsi ölkədə ciddi müzakirələrə səbəb olub.
AzerVoice xəbər verir ki, məclis sədri Məhəmməd Baqir Qalibaf parlamentdə çıxışı zamanı yoxlamalara razılıq verildiyini açıqlayıb.
Bu bəyanatdan sonra bəzi millət vəkilləri qərara etiraz edərək, bu addımın ölkənin MAQATE ilə əməkdaşlığını məhdudlaşdıran mövcud qanunları pozduğunu bildiriblər.
Mühafizəkar mövqeyi ilə tanınan Tehran millət vəkili Kamran Qazənfəri, Şuranın Prezident Məsud Pəzeşkiyan rəhbərliyi ilə qəbul etdiyi qərarın “qanuna zidd” olduğunu və məsələnin məhkəməyə daşınacağını bildirib.
Digər bir mühafizəkar millət vəkili Əmir Hüseyn Sabiti isə Xarici İşlər Naziri Abbas Əraqçidən, MAQATE ilə əldə olunan razılaşmanın təfərrüatlarını açıqlamasını tələb edib.
Sabiti, MAQATE müfəttişlərini casusluqda ittiham edib.
Qeyd edək ki, İranda Məclis, İsrail və ABŞ-ın hücumlarında rol oynamaq və casusluq fəaliyyəti göstərməkdə ittiham etdiyi MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan bir qanun layihəsi hazırlamışdı. MAQATE rəhbəri Rafael Mariano Qrossinin, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləməməsi də rəsmi Tehranın sərt reaksiyasına səbəb olmuşdu.
Qanuna əsasən, hökumət MAQATE müfəttişlərinin ölkəyə girişini qadağan etməyə və bütün yoxlamaları dayandırmağa məcbur edilmişdi. Sənəd 26 iyun tarixində qəbul olunaraq, Konstitusiyanı Mühafizə Şurası tərəfindən də təsdiqlənmişdi.
Qanun həmçinin hökumətin, xüsusilə də "casus" kimi təqdim edilən MAQATE rəhbəri Rafael Qrossi ilə hər hansı əməkdaşlığını da qadağan edirdi.
Qanuna əsasən, yalnız İranın nüvə hüquqları tanındığı və təhlükəsizlik zəmanətləri verildiyi halda, Milli Təhlükəsizlik Ali Şurasının qərarı ilə bu qanun qüvvədən düşə bilərdi.