BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, İsrailin iki il davam edən soyqırımı nəticəsində Qəzza zolağında 282 mindən çox ev dağıdılıb və ya zərər görüb.
AzerVoice xəbər verir ki, UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabında paylaşdığı açıqlamada, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən birgə idarə olunan Qlobal Sığınacaq Klasteri (Global Shelter Cluster) humanitar yardım mexanizminin məlumatları istinad kimi göstərilib.
Hesabata əsasən, Qəzzada İsrail hücumları nəticəsində 282 mindən çox ev ya tamamilə dağılıb, ya da ciddi zərər görüb. Qış yaxınlaşarkən yüzlərlə fələstinli ailə çadırlarda yaşamağa məcbur qalıb.
UNRWA qeyd edib ki, fələstinli ailələr “məhdud ərazilərdə, məxfilik problemləri və əsas xidmətlərə çıxış çətinliyi ilə” yaşamağa məcburdur. Qurum və tərəfdaş təşkilatlar evlərindən didərgin düşmüş ailələrə yardım göstərməyə davam edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə aparılan danışıqlarda İsrail və Həmas arasında Qəzzədə atəşkəs planının birinci mərhələsinin təsdiqləndiyini açıqlamışdı.
Danışıqların keçirildiyi Misirdə 10 oktyabr tarixində İsrail hökumətinin razılığı ilə razılaşma qüvvəyə minib.
Qəzzə Səhiyyə Nazirliyinin son məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində 69 min 185 fələstinli həlak olub, 170 min 698 nəfər isə yaralanıb.