BAKI,AzerVoice Anaitik Təhlil Mərkəzi
İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi rəhbərliklə təhlükəsizlik orqanlarının – ordu, xarici kəşfiyyat xidməti (Mossad), ordunun Hərbi Kəşfiyyat İdarəsi (Aman) və Daxili Təhlükəsizlik Xidməti (Şabak) – rəhbərləri arasında gedən açıq ixtilaflar, Qəzza şəhərinin və ya zolaqdakı digər mövqelərin tutulub-tutulmaması məsələsindən çox daha genişdir.
Əslində, bunlar cahiliyyə dövründəki Daxis və Ğubray müharibəsinə bənzər qədim ixtilaflardır; çünki onlar qisas və qarşılıqlı döyüş elementlərini özündə cəmləyir. Əgər bu savaşda Qəzzanın yeri varsa, bu, yalnız şəhərin və sakinlərinin bu mübarizənin ağır bədəlini ödəməsidir; eyni zamanda HƏMAS-ın əlindəki girovların, İsrail əsgərlərinin və ümumən vətəndaşlarının da çəkdiyi acılardlr.
Təxminən 15 il ərzində bu savaş pərdəarxasında davam edib, çoxsaylı “qeyri-rəsmi zərbələrlə” müşayiət olunub, tərəflər bunu ictimaiyyətin və mətbuatın gözündən gizlətməyə çalışıblar. Ara-sıra məlumatlar sızanda isə, hər iki tərəf birləşərək onları inkar edirdi.
Lakin son illərdə bu mübarizə artıq gizli qalmayıb, ideoloji xarakter alıb və sadəcə siyasi və ya texniki fikir ayrılıqlarını aşaraq yeni bir mərhələyə keçib.
Başlanğıclar
Netanyahunun təhlükəsizlik orqanlarının rəhbərləri ilə gizli savaşı 2010-cu ildə alovlandı. O zaman Netanyahu ordudan İrana zərbə endirməyə və onun nüvə layihəsini iflic etməyə hazırlaşmağı istədi. Amma ordu rəhbərləri cavab verdilər ki, ordu belə bir əməliyyata hazır deyil; bu, regional müharibəyə çevrilər və böyük hərbi güc, nəhəng büdcə, müasir silahlar, “ağıllı bombalar” və ABŞ-ın razılığını tələb edər. Netanyahu isə o vaxt müdafiə naziri olan Ehud Barakı öz tərəfinə çəkə bilmişdi.
Lakin illərlə “düşmən arxasında” həyata keçirdiyi əməliyyatlara görə ən yüksək ordenlərlə təltif olunmuş, ordunun övladı hesab edilən Barak sonradan mövqeyini dəyişdi və təhlükəsizlik orqanlarının tərəfində dayandı. Bununla belə, o, bu zərbəyə hazırlıq üçün maliyyə resursları ayırmağa çalışdı.
Keçmiş Baş nazir Ehud Olmertin dediyinə görə, bu məqsəd üçün 11 milyard şekel (3,5 milyard dollar) ayrılmışdı, lakin sonra məlum oldu ki, bunlar boşa xərclənib, çünki İranı vurmaq niyyəti əslində ciddi olmayıb (Haaretz, 11 yanvar 2013).
Sonrakı illərdə də hökumətlə təhlükəsizlik orqanları arasında mübarizə davam etdi. Netanyahu ardıcıl olaraq çoxlu generalı dəyişdi, ümid edirdi ki, onlardan kimsə hökumətə sadiq olar. Amma nəticə eyni idi: ordu həmişə peşəkar zərurəti əsas gətirərək müstəqil mövqeyini qorudu.
İdeoloji savaş
Bundan yeddi il əvvəl isə başqa bir savaş alovlanmışdı: əvvəlcə siyasi, sonra ideoloji xarakter almışdı.
2005-ci ildə general Ariel Şaronun başçılıq etdiyi hökumət Qəzzadan geri çəkildi. O, 21 yaşayış məntəqəsini boşaltdı və 8800 köçkünü çıxardı. Bunu da güc tətbiq etməklə etdi.
Bu addım İordan çayının qərb sahilindəki məskunlaşanları qorxuya saldı. Çünki Şaron orada da dörd yaşayış məntəqəsini boşaltmışdı. Buna görə də 40 min məskun Qəzzaya gedərək geri çəkilməni güclə əngəlləməyə çalışdı. Polis və ordu onları zorla dağıtdı. Altı ay sonra məskunlar Ramallahın şərqindəki Amona adlı yerdə yeni məntəqə salmaq istədilər, amma ordu onları da zorla çıxardı.
Bundan sonra ideoloji sağ qanad yeni düşüncə cərəyanı formalaşdırdı. Məqsəd: qərb sahilində yeni köçkünlərin çıxarılmasının qarşısını almaq, əksinə, mövcud məskunlaşmanı sabitləşdirmək və genişləndirmək idi.
Bu qrup “Kohelet” adlı bir tədqiqat mərkəzi qurdu. O, İsrail və ABŞ sağçılarının təşviqi və maliyyəsi ilə fəaliyyət göstərdi və bu gün də məskunlaşma institutlarının, sağçı partiyaların, dini-sionist hərəkatının ideoloji dayağıdır.
Mərkəzin rəhbərləri nəticəyə gəldilər ki, məqsədə çatmağın yeganə yolu yalnız sağ partiyalardan ibarət hökumətin qurulmasıdır. Bu hökumət uzun illər hakimiyyətdə qalmalı, yəhudi şüurunu dərinləşdirməli, qərb sahilindən geri çəkilməyə və Fələstin dövlətinin yaranmasına imkan verməməlidir.
Hakimiyyət sisteminə qarşı plan
İsraildə partiyaların çoxluğu və dörd ildən bir keçirilən seçkilər (tez-tez də vaxtından əvvəl seçkilər) bu planın qarşısında maneə idi. Buna görə həmin sağ cərəyan dövlət sistemini dəyişmək, qanunları kökündən dəyişmək, məhkəmələrin təsirini zəiflətmək üçün plan hazırladı.
Onlar liberal cərəyanın zəif cəhətlərini, HƏMASın Qəzzada hakimiyyəti ələ keçirməsini və İsrailə qarşı raket hücumlarını bəhanə kimi istifadə etdilər.
2017-ci ildə indiki maliyyə naziri Bəzalel Smotriç tərəfindən “Həll planı” adı ilə dövlət çevrilişi planı yayımlandı. Bu plan açıq şəkildə Fələstin dövlətinin yaradılmasını əngəlləməyi nəzərdə tuturdu. Smotriç bu gün Müdafiə Nazirliyində “ikinci nazir” vəzifəsini də tutur və məskunlaşma işlərini idarə edir, Qərb sahilini İsrailə birləşdirməyə çalışır.
Bu cərəyan ordunu və kəşfiyyatı açıq düşmən elan etdi. Əvvəllər siyasətdə kənarda qalan bu qrup indi hakimiyyətin əsas tərəfdaşına çevrilib. Onların maraqları Netanyahunun maraqları ilə üst-üstə düşür: Netanyahu məhkəmədəki korrupsiya işləri fonunda öz mövqeyini qorumaq üçün hakimiyyətdə qalmaq istəyir.
Smotriç, milli təhlükəsizlik naziri İtmar Ben Qvir və məskunlaşma naziri Yehudit Struk ordunun rəhbərlərini açıq şəkildə hədəfə alırlar. Təhlükəsizlik kabinetində dəfələrlə ordunun rəhbərlərinə qışqıraraq onları təhqir etdilər. Bu gərginliklər nəticəsində bu il Baş Qərargah rəisi Hertsi Halevi və Şabak rəhbəri Ronen Bar istefaya məcbur edildi.
Onların yerinə Eyal Zamir gətirildi. O, əvvəllər Netanyahunun hərbi katibi, sonra Müdafiə Nazirliyinin baş direktoru olub və siyasətçilərlə işləmək təcrübəsinə malikdir. İlk addımlarından biri mart ayında Qəzzada gərginliyi artırmaq, iyunda isə İranla 12 günlük müharibə aparmaq, daha sonra Qəzzanı işğal planı hazırlamaq idi.
Zamir necə dəyişdi?
Əslində, o, dəyişməyib. Zamir ilk gündən hökumətə sadiq olduğunu göstərib. Onun Qəzzada apardığı əməliyyatlar əvvəlkilərdən daha sərt olub. O, indi də Rəfahı işğal etmək planına malikdir. Hökumət isə deyir ki, yalnız Qəzzanı deyil, həm də Rəfahı birlikdə işğal etmək olar.
Problem ondadır ki, siyasi rəhbərlik, xüsusilə də ifrat sağ qanad, daha sərt addımlar atmaq, tam işğal istəyir. Zamir isə xəbərdarlıq edir: belə işğal girovların ölümünə və ya tamamilə yox olmasına gətirib çıxara bilər – eyniylə 1986-cı ildə Livanda əsir düşən israilli pilot Ron Aradın taleyində olduğu kimi. O deyir ki, bu, həm də yüzlərlə əsgər və zabitin ölümünə, ordunun tələ kimi vəziyyətə düşməsinə səbəb olacaq.
Onun sözləri əməliyyatdan qaçmaq anlamına gəlmir, sadəcə, məsuliyyətin hökumət tərəfindən əvvəlcədən götürülməsini istəyir. Çünki o bilir ki, belə əməliyyatın bədəli çox ağır olacaq.
Amma hökumət üzvlərinin çoxu orduda xidmət etməyib, hərbi planlardan xəbərləri yoxdur və daim onun planlarını dəyişməsini tələb edirlər. Etiraz edəndə onu “qorxaqlıqda” ittiham edirlər. Onun haqqında “istefa verəcək” xəbərləri mediaya sızdırılıb, daha sonra “hökumət Baş Qərargah rəisinin üzərində nəzarətçi general təyin etməyi düşünür” xəbəri çıxıb. Mətbuat isə buna istehza ilə: “Onlar Baş qərargah rəisinin başçısını istəyirlər” – deyə şərh edib.
Zamir isə siyasi rəhbərliyi açıq şəkildə tənqid etməyə başlayıb, mütəmadi olaraq “atəşkəsə və girovların azad olunmasına ehtiyac var” deyib.
Orduya yaxın mənbələr bildirirlər ki, onun mövqeyinin yumşalması ordunun real vəziyyəti ilə bağlıdır. Zamir döyüş bölgəsində əsgər və zabitlərlə görüşəndə anlayıb ki, ordu özünü bərpa etməyə, silahlarını təkmilləşdirməyə, psixoloji zərbə almış şəxsi heyəti müalicə etməyə, müxtəlif ölkələrdə zabitlərə qarşı hüquqi təqibləri dayandırmağa ehtiyac duyur. Əsgərlər ona ordunun daxilində dərin böhranlardan danışmağa başlayıblar.
Qəzza girdabı
Bu həftə hərbi analitik Amos Harel “Haaretz” qəzetində yazıb: “Siyasi rəhbərliyin nəticə əldə etmək üçün orduya təzyiqi, onu sıx məskunlaşmış ərazilərdə riskli əməliyyatlara sürükləməsi ordudakı gərginliyi daha da artırır”.
Sosial quruluşda ordunun təsirini araşdıran aparıcı alimlərdən biri, professor Yağil Levi (67 yaş) isə “Haaretz”də dərc olunan məqaləsində yazıb:
“Qəzza girdabı mahiyyət etibari ilə Vyetnam “bataqlığını” xatırladır və çıxış şərtlərinə görə də ona bənzəyir. İsraildə iki dəfə xalqın müharibəyə qarşı çıxışı ordunun geri çəkilməsini təmin edib: 1985-ci ildə Livandan, 2000-ci ildə yenidən Livandan. Bu uğur müharibənin siyasi məntiqindən və ya haqlılığından deyil, əsgərlərin həyatına verilən dəyərdən doğdu. Orduda daxili aşınma əlamətləri var və bu, ordunu geri çəkilməni qəbul etməyə məcbur edə bilər. Çünki ordu nə müharibəni, nə də sülhü sevir, o, əsasən öz institusional maraqlarına həssasdır. Müharibənin siyasi məntiqsizliyi və ya əxlaqi zəifliyi deyil, yalnız girovların həyatı təhlükədə olduğuna görə etiraz güclənir”.
Levi bildirib ki, bu, artıq on minlərlə insanı küçələrə çıxarıb. Amma hökumətə təsiri hələ məhduddur. Əsl təsir yalnız ordunun birliyi və bütövlüyü təhlükə altına düşəndə yaranacaq.
Onun sözlərinə görə, orduda daxili dağılma artıq ciddi səviyyəyə çatıb. Bu, uzun müddət gizlədilsə də, indi görünür. Məsələn, Qəzzanı bombalamaqdan imtina edən pilotların sayının artması, ehtiyat xidmətinə qoşulma səviyyəsinin kəskin azalması, məcburi və ehtiyat əsgərlərinin “çox təhlükəli, amma faydasız” əməliyyatları icra etməkdən imtinası bu dağılmanın göstəriciləridir.