BAKI, AzerVoice
Yerusəlimin Latın Patriarxı kardinal Pierbattista Pitsaballa, Məryəm Ananın Səmaya Götürülməsi bayramı münasibətilə Abu Qoşdakı Benediktin monastırında keçirilən Müqəddəs Messa zamanı çıxış edərək bildirdi ki, xristianın vəzifəsi Allahın himayəsi altında həyat toxumlarını səpməkdir ki, son söz sahibi şər olmasın.
Antonella Palermo tərəfindən
Kardinal Pierbattista Pizzaballa qeyd edir ki, dövrümüzün ağrısı, "bizə sülh haqqında nə şirinləşdirilmiş və mücərrəd, buna görə də inandırıcı olmayan çıxışlar etməyə, nə də daha çox təhlil və ya ittihamlarla özümüzü məhdudlaşdırmağa imkan verir”. Əksinə, o təkid edərək deyir ki, "biz bu tezliklə bitməyi mümkün görünməyən faciənin içində imanlılar olaraq dayanmağa çağırılmışıq".
Məryəm Ananın Səmaya Götürülməsi bayramında Abu Qoşdakı Benediktin monastırında keçirilən Messa zamanı Yerusəlimin Latın Patriarxı Vəhy kitabından bir parça üzərində dayanaraq düşüncələrini bölüşdü. O bildirdi ki, bu mətn “ağrılarla dolu bu aylar ərzində xristian icmasını dəfələrlə müşayiət edib və düşüncə mövzusu olub.”
Şərin dünyada fəaliyyətini davam etdirəcəyini dərk etmək
Kardinal Pitsaballa bu günün mətnini oxuyarkən ön plana çıxan həqiqəti realistik şəkildə bölüşdü və xüsusilə də əjdaha kimi təsvir olunan Şeytanın gücünə diqqət çəkdi — “o, heç vaxt özünü təsdiqləməkdən və dünyaya, xüsusilə də Allahın əmrlərini yerinə yetirən və İsa haqqında şəhadətə möhkəm bağlananlara qarşı qəzəbini tökməkdən əl çəkməyəcək.”
"Biz hamımız istərdik ki, şər mümkün qədər tez məğlub olsun, həyatımızdan yoxa çıxsın. Amma bu belə deyil. Biz bunu bilirik, lakin hər zaman şər gücünün dünyanın həyatında və bizim həyatımızda mövcud olacağına dair acı həqiqəti yenidən dərk etməliyik".
"Yalnız insan gücümüzlə biz o əjdahanın nəhəng gücünü məğlub edə bilmərik. Bu, bizim yer üzündəki reallığımıza aid olan bir sirrdir - nə qədər sərt və çətin olsa da. Bu, təslimiyyət deyil. Əksinə, bu, heç bir şəkildə qaçmadan, qorxmadan, razılığa gəlmədən, gizlətmədən dünyada həyatın dinamikasını dərk etməkdir”.
Şeytanın ən böyük təzahürü Müqəddəs Torpaqdadır?
Kardinal, Bayramın işığında vurğuladı ki, “əjdaha sevginin meyvəsi olan həyat toxumuna qalib gələ bilməz”. O qeyd etdi ki, Bibliyada səhra yoxluq yeri deyil, Allah tərəfindən təminolunma yeridir. "Mövcud ağır və çətin təcrübəmizdə Allah, ilk növbədə, bu ölkədə və bu dövrdə həqiqətən üstünlük təşkil edən şərin və dünyanın gücü barədə xəbərdar etməklə bizi təmin etməyə davam edir."
Kardinal Pitsaballa açıq şəkildə bildirdi: “Özümüzü aldatmamalıyıq”.
O xəbərdarlıq etdi ki, hətta müharibənin sonu da onun qoyub gedəcəyi düşmənçilik və ağrının sonu olmayacaq. “Bir çox qəlbdə qisas və qəzəb arzusu çoxalmağa davam edəcək. Bir çoxlarının ürəyinə hakim kimi görünən şər fəaliyyətini dayandırmayacaq — o, daim işlək qalacaq, hətta deyərdim ki, yaradıcı olacaq. Hələ uzun müddət biz bu müharibənin insanların həyatında buraxdığı nəticələrlə məşğul olmalı olacağıq.”
“Elə görünür ki, Allahın ən böyük vəhyini və təzahürünü qoruyan bu Müqəddəs Torpağımız həm də Şeytanın gücünün ən böyük təzahür etdiyi yerdir. Və bəlkə də bu yer xilas tarixinin qəlbi olduğu üçün “Əzəli Düşmən” özünü başqa heç yerdə olmadığı qədər burada göstərməyə çalışır.
Sayca az, dağınıq, "narahat" olsaq da biz Allahın sığınacağı olacağıq
Ölüm və dağıntı reallığı içərisində Patriarx etimad göstərməyə, yaxşılığı istəyən və əkənlərli yenilənmiş əhdə, şəfa və həyat üçün məkan yaratmağa çağırdı. Şərin özünü göstərməyə davam edəcəyini ağrı ilə dərk edərək, kardinal Pitsaballa imanlıları həyat məkanına çevrilməyə çağırır ki, son söz “əjdahanın” olmasın.
“Buna görə də biz dünya həyatının mərkəzi olmayacağıq. Biz güclülərin bir çoxunun həyatına rəhbərlik edən məntiqə əməl etməyəcəyik. Çox güman ki, sayca az olacağıq, amma biz həmişə fərqli olacağıq, heç vaxt bir olmayacayıq – və bəlkə də bu səbəbdən hətta bezdirici də olacayıq. Biz Allah tərəfindən təminolunma yeri, Allahın qoruduğu bir sığınacaq olmağa davam edəcəyik. Və ya daha doğrusu, biz həyat toxumunu bütün təzahürlərində saxlamaq istəyənlər üçün belə bir sığınacaq olmağa çağırılmışıq”.
Məzlumların qanı unudulmur
Müqəddəs Yazılardakı bənzətməni davam etdirən Kardinal dedi ki, əjdaha nəhayət yıxılacaq, amma hələlik biz dözməliyik. O bildirdi ki, günahsız insanların qanı təkcə Müqəddəs Torpaqda və Qəzzada deyil, dünyanın heç bir yerində unudulmur.
Bu qan, “tarixin hansısa küncünə atılmır”. O, Allahın Quzusunun qanı ilə qarışaraq qurbangahın altında axır və “hamımızın qoşulduğu xilasedici işdə” iştirak edir. “Biz orada qalmalıyıq. Bizim yerimiz — səhrada sığınacağımız — budur.”
Kardinal yekun olaraq bildirdi ki, xristian həyatı dünyanın meyarlarını alt-üst edir. O, Allah üçün yaşamaq istəyən, amma Şeytan tərəfindən əngəllənən və sonda Allahın işini həyata keçirən Müqəddəs Romalı Fransiskanın şahidliyini xatırlatdı.
Kardinal qeyd etdi ki, “Allah hər kəslə belə işləyir: O, daxil olur və hər şeyi dəyişir.” Beləliklə, Kardinal hamını Müqəddəs Anaya tapşıraraq vurğuladı ki, biz, Məryəmin Səmaya Götürülməsi sirrini seyr edərək əbədi xilasın şirinliyini öncədən dada bilərik.