Əsas səhifə » Londonda isti hava dalğası ilə bağlı ölümlər artır

Londonda isti hava dalğası ilə bağlı ölümlər artır

BAKI, AzerVoice

Londonda isti hava dalğası 263 nəfərin ölümünə səbəb olub – iqlim böhranı məsuliyyət daşıyır.

AzerVoice xəbər verir ki, Avropanı təsiri altına alan isti hava dalğası Londonda 263 nəfərin həyatına son qoyub.

London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) araşdırmalarına əsasən, ölümlərin 173-ü birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.

“World Weather Attribution” qrupunun yaydığı hesabatda qeyd olunub ki, insan fəaliyyəti ilə bağlı qlobal istiləşmə Avropada istiliklə əlaqəli ölümləri üç dəfə artırıb.

12 Avropa şəhərini əhatə edən araşdırmada ümumilikdə 2300 istiliklə əlaqəli ölüm halları qeydə alınıb. Onlardan 1500-dən çoxunun səbəbi iqlim böhranı kimi göstərilir. Təkcə Madriddə 317, Parisdə isə 235 nəfər eyni səbəbdən dünyasını dəyişib. Ən çox təsirlənənlər isə yaşlı və həssas əhali qruplarıdır.

Tədqiqatçılar bildiriblər ki, “səssiz, lakin dağıdıcı” istilik dalğaları Avropa əhalisi üçün ciddi təhlükə yaradır və bu hallar hər il daha tez-tez baş verir.

Qeyd edək ki, iyunun 23-dən iyulun 2-dək Avropa üzərində “istilik qübbəsi” adlı yüksək təzyiqli hava kütləsi formalaşıb. Şimali Afrikadan gələn isti hava axını ilə birləşərək temperaturu qeyri-adi səviyyəyə qaldırıb. Londonda bu dövrdə havanın temperaturu 34°C-ə qədər yüksəlib və İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən xəbərdarlıq olunub.

Mütəxəssislər bu araşdırmanın yalnız 12 şəhəri əhatə etdiyini və əslində Avropada istiyə bağlı ölümlərin on minlərlə ola biləcəyini vurğulayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice