BAKI, AzerVoice
James Webb Teleskopu kainatın ən uzaq qalaktikasını aşkar edib.
AzerVoice xəbər verir ki, James Webb
Kosmik Teleskopu kainatın yaranmasından cəmi 280 milyon il sonra
formalaşmış indiyə qədər məlum olan ən uzaq qalaktikanı müşahidə
edib.
Yeni qalaktika "MoM-z14" adlandırılıb.
Bu kəşf Mirage (Möcüzə) spektroskopik tədqiqat proqramı çərçivəsində həyata keçirilib. Qalaktikanın qırmızı yerdəyişmə dəyəri z = 14,44 olaraq ölçülüb. Bu, işığın təxminən 13,5 milyard il əvvəl qalaktikadan yayıldığını göstərir.
Əvvəlki rekord z = 14,32 dəyəri ilə JADES-GS-z14-0 adlı qalaktikaya məxsus idi. Lakin MoM-z14 bu göstəricini geridə qoyaraq müşahidə edilə bilən kainatın sərhədlərini bir qədər də irəli çəkib.
MIT-in Kavli Astrofizika və Kosmos Tədqiqatları İnstitutunun tədqiqatçısı Rohan Naidu-nun rəhbərlik etdiyi araşdırmada bildirilir ki, bu qalaktika böyük partlayışdan sonrakı ilk ulduzların doğulduğu mərhələyə çox yaxın bir dövrdə formalaşıb. Spektroskopik analizlər göstərib ki, qalaktikadan gələn işıq əsasən ulduzlardan qaynaqlanır və burada aktiv qalaktik nüvənin – yəni superkütləli qara dəliklərin parıltısı müşahidə edilmir.
Bundan əlavə, qalaktikada müşahidə edilən yüksək azot-karbon nisbəti onun kimyəvi tərkibinin qədim qlobular çoxluqlarla oxşarlıq təşkil etdiyini göstərir. Tədqiqatçılar həmçinin MoM-z14 qalaktikasında yığcam və diffuz strukturların fərqli kimyəvi xüsusiyyətlərə malik olduğunu müəyyən ediblər ki, bu da morfologiya ilə kimya arasında əlaqəyə işarə edir.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf erkən qalaktikaların təkamülü ilə bağlı elmi anlayışlara ciddi təsir göstərə bilər. Yaxın illərdə istifadəyə veriləcək yeni kosmik teleskoplar – o cümlədən Nensi Qreys Roman Kosmos Teleskopu – bu kimi qalaktikaların daha çoxunu aşkar etməyə imkan yaradacaq.