Bakı, AzerVoice
Dünya futbolunun rəhbər orqanı olan FİFA İsrailin beynəlxalq futboldan kənarlaşdırılması ilə bağlı Fələstin tərəfindən edilən müraciətin yekun qərarını təxirə salıb.
AzerVoice xəbər verir ki, FİFA-nın verdiyi açıqlamada, "Fələstin Futbol Federasiyasının İsrail Futbol Federasiyasına qarşı etdiyi müraciətin müstəqil hüquqi qiymətləndirilməsi 20 iyul 2024-cü il tarixinə qədər FİFA Şurasına təqdim edilməli idi. Hər iki tərəf təkliflərini təqdim etmək üçün əlavə vaxt tələb etdi və FİFA tərəfindən bu tələblər müvafiq şəkildə qarşılandı. Artıq bundan sonra bu prosesi lazımi diqqət və tamlıqla başa çatdırmaq üçün daha çox vaxt lazım olduğuna qərar verildi." deyildi.
FİFA qərarın müstəqil hüquqi qiymətləndirməsini FİFA Şurası ilə danışıqlardan sonra ən geci avqustun 31-dək veriləcəyini bildirib.
Beləliklə, qərarın təxirə salınması ilə İsrail Milli Futbol Komandası iyulun 26-da başlayacaq Paris 2024 Olimpiya Oyunlarında iştirak edə biləcək.
Qeyd edək ki, Fələstin Futbol Federasiyası ötən aprel ayında FİFA-ya göndərdiyi yazılı müraciətdə, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumların səbəb olduğu insan hüquqları pozuntuları ilə İsrail liqasında ayrı-seçkilik və irqçiliyə qarşı lazımi addımları atmadığını əsas gətirərək, İsrail Futbol Federasiyasının FİFA üzvlüyünə xitam verilməsini istəmişdi.
Fələstin Gənclər və İdman Ali Şurasının sədri Cibril əl-Rucub ötən may ayında verdiyi açıqlamada Fələstin Futbol Federasiyasının FİFA-ya İsrailin qovulması ilə bağlı müraciətini geri götürməsi üçün İsrail rəsmiləri tərəfindən hədələndiyini bildirmişdi.
