BAKI, AzerVoice, Orxan Qədirzadə
İran hərbi qüvvələrinə məxsus sürətli hücum qayıqları ABŞ-a məxsus neft tankerinə yaxınlaşıb və gəmiyə dayanmaq əmri verib.
AzerVoice xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hörmüz boğazında qeydə alınıb. Məlumata əsasən, 50 kalibrli silahlarla təchiz edilmiş 6 İran hücum qayığı ABŞ bayrağı altında üzən neft tankerinə yaxınlaşaraq onun mühərriklərini söndürməsini və yoxlama məqsədilə göyərtəyə çıxılmasına hazırlaşmasını tələb edib.
Hadisə zamanı tanker sürətini artıraraq bölgədən uzaqlaşmağa cəhd edib. Bir müddət sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin tankeri müşayiət etdiyi və gərginliyin artmasının qarşısının alındığı bildirilir.
ABŞ mənbələri insidenti “təxribat xarakterli və təhlükəli addım” kimi qiymətləndirir. Rəsmi Vaşinqtondan məsələ ilə bağlı əlavə açıqlamaların verilməsi gözlənilir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarəti baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir və bölgədə baş verən istənilən hərbi gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər.