BAKI, AzerVoice, Orxan Qədirzadə
Hörmüz boğazı və Oman dənizi ətrafında ABŞ–İran gərginliyi təhlükəli mərhələyə keçib.
AzerVoice xəbər verir ki, ABŞ mediasının məlumatına görə, bu gün səhər saatlarında 50 kalibrli silahlarla təchiz olunmuş 6 İran hücum qayığı Hörmüz boğazında ABŞ-a məxsus neft tankerinə yaxınlaşaraq gəmiyə dayanmaq əmri verib. Bildirilir ki, qayıqlar tankerin mühərriklərini söndürməsini və göyərtəyə çıxış üçün hazırlaşmasını tələb edib. Tanker sürətini artıraraq ərazidən uzaqlaşıb və sonradan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin müşayiəti ilə yoluna davam edib.
Eyni zamanda ABŞ tərəfi Oman dənizində baş verən başqa bir insident barədə də məlumat yayıb. Reuters agentliyinin xəbərinə görə, ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşan İran Silahlı Qüvvələrinə məxsus “Şəhid-139” tipli pilotsuz uçuş aparatı ABŞ Hərbi Hava Qüvvələrinin F-35 döyüş təyyarəsi tərəfindən vurulub.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının sözçüsü Tim Hovkins bildirib ki, aviadaşıyıcıdan havaya qalxan F-35C təyyarəsi özünü müdafiə məqsədilə pilotsuz aparatı zərərsizləşdirib və bu addım gəminin və heyətin təhlükəsizliyini təmin etmək üçün atılıb. İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd olunur ki, insident İran İnqilab Keşikçilərinin Hörmüz boğazı ətrafında keçirdiyi hərbi təlimlər və ABŞ aviadaşıyıcı qruplaşmasının bölgədə mövcudluğu fonunda baş verib. Hadisənin İranın strateji təhlükəsizlik zonasına yaxın ərazidə qeydə alınması bölgədə hərbi fəallığı maksimum səviyyəyə yüksəldib.
Bundan əvvəl İran İnqilab Keşikçiləri Ordusunun komandan müavini Əhməd Vahidi ABŞ donanmasının bölgədəki mövcudluğunu “psixoloji əməliyyat” kimi qiymətləndirmiş və İran silahlı qüvvələrinin bütün xarici hərəkətləri tam nəzarət altında saxladığını bildirmişdi.