BAKI,AzerVoice, Nailə Babazadə
Kembric Universiteti tərəfindən aparılan yeni araşdırma İsrailin hücumları nəticəsində Qəzzadakı uşaqların fiziki cəhətdən tükəndiyini, ağır psixoloji travmalar yaşadığını və artıq oyun oynamaq, təhsil almaq kimi gündəlik fəaliyyətləri yerinə yetirə bilmədiyini ortaya qoyub.
AzerVoice xəbər verir ki, 2024-cü ildə aparılmış tədqiqatın davamı olan hesabat müharibənin Qəzzadakı uşaqların həyatını necə kökündən dəyişdiyini sənədləşdirir. Araşdırmada məktəblərin dağıdılması və ya bağlanması, davamlı zorakılıq, aclıq və psixoloji təzyiqlərin normal uşaqlıq anlayışını demək olar ki, tamamilə aradan qaldırdığı vurğulanır.
Hesabatda bəzi uşaqların həddindən artıq yorğunluqdan huşunu itirdiyi, ailələrin isə enerji itkisinin qarşısını almaq üçün uşaqlara oyun oynamamağı tövsiyə etdiyi qeyd olunur. Bildirilir ki, bir çox ailə gün ərzində yalnız bir kasa mərciməklə dolanmağa çalışır.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri gənclərin beynəlxalq qurumlara və sülh kimi anlayışlara olan inamını tamamilə itirməsi olub. Hesabatda fikirlərinə yer verilən beynəlxalq humanitar yardım əməkdaşı uşaqların “Hüquqlar haradadır? Biz sadəcə Qəzzalı olduğumuz üçün öldürülürük?” sualını verdiyini bildirib.
Mütəxəssislər uşaqların özlərini “yaşayan ölülər” kimi hiss etdiklərini və daim qorxu içində yaşadıqlarını qeyd edirlər.
Təhsildə yaranan uzunmüddətli fasilələr, fiziki xəsarətlər və psixoloji travmalar Qəzzanın “itirilmiş nəsil” riski ilə üz-üzə olduğunu göstərir.
1 oktyabr 2025-ci il tarixinə olan məlumatlara görə, Qəzzada 18 min 69 şagird və 780 təhsil işçisi həyatını itirib. Ekspertlər hesablayır ki, Qəzzadakı uşaqlar 2020-ci ildən bəri pandemiya və müharibə səbəbindən ümumilikdə beş illik təhsilə bərabər itki ilə üzləşiblər. Əgər məktəblər 2027-ci ilin sentyabrına qədər bağlı qalarsa, gənclərin təhsil səviyyəsinin gözləniləndən 10 il geri qalacağı proqnozlaşdırılır.
Təhsil böhranı yalnız Qəzza ilə məhdudlaşmır. 2023-cü ilin oktyabrından bu yana İordan çayının qərb sahili və Şərqi Qüdsdə 891 şagird və 28 müəllim həyatını itirib və ya yaralanıb. Bu bölgələrdə də məktəblər tez-tez reydlər və müvəqqəti bağlanmalarla üzləşir, nəticədə uşaqların ən azı 2,5 illik təhsil itkisi yaşadığı ehtimal olunur.
Hesablamalara görə, Fələstin üzrə təhsil sisteminin yenidən bərpası təxminən 1,38 milyard dollara başa gələcək. Lakin beynəlxalq ictimaiyyətdə “donor yorğunluğu”nun müşahidə edildiyi bildirilir. Qeyd olunur ki, 2025-ci il üçün tələb olunan təhsil maliyyəsinin iyul ayınadək cəmi 5,7 faizi təmin edilib ki, bu da hər uşaq üçün təxminən 9 dollar deməkdir.
Mütəxəssislər təhsilin lüks deyil, sabitlik və qorunma üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq beynəlxalq ictimaiyyəti təcili dəstəyə çağırırlar.
