BAKI,AzerVoice, Fərid Mikayılov
Rusiyanın Ukraynaya endirdiyi zərbələr fonunda bölgədə həyata keçirilən hərbi aviasiya əməliyyatları səbəbilə müvəqqəti bağlanan Polşanın cənub-şərqindəki Jeşuv (Rzeszow) və Lublin hava limanları yenidən fəaliyyətə başlayıb.
AzerVoice xəbər verir ki, Polşa Hava Naviqasiyası Xidməti Agentliyi (PANSA) X sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, qırıcı təyyarələrin iştirakı ilə aparılan əməliyyatlar başa çatdıqdan sonra hava limanlarının fəaliyyəti bərpa olunub.
Agentlik daha əvvəl bölgədə hərbi təyyarələrin aktivliyi səbəbilə təhlükəsizlik məqsədilə sözügedən hava limanlarının müvəqqəti olaraq bağlandığını elan etmişdi.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığından verilən məlumata görə, Polşa və müttəfiq ölkələrə məxsus qırıcı təyyarələr tapşırıqları uğurla icra edib. Açıqlamada Polşanın hava məkanının pozulması halının qeydə alınmadığı vurğulanıb.
