BAKI, AzerVoice, Orxan Qədirzadə
İraq hökuməti Kürdüstan regionunda yerləşən Xor Mor qaz kompleksinə edilən hücumu araşdırmaq üçün yüksək səviyyəli komitə yaradıb. AzerVoice xəbər verir ki, hücum nəticəsində regionun elektrik stansiyalarına qaz təchizatı dayandırılıb və geniş elektrik kəsintiləri baş verib.
Baş nazirin hərbi sözçüsü Sabah Əl-Numan bildirib ki, Baş nazir Məhəmməd Şiya Əl-Sudani hadisə ilə bağlı “yüksək səviyyəli istintaq komitəsi”nin yaradılması barədə göstəriş verib. O deyib ki, “terror qrupları ölkənin sabitliyini pozmağa çalışır”.
Çərşənbə günü axşam saatlarında regional rəsmilər obyektin pilotsuz uçuş aparatı ilə vurulduğunu və Kürdüstanın bütün elektrik stansiyalarına qaz verilişinin dayandığını açıqlayıblar.
Kompleksin sahibi olan Dana Gas hücumun bir anbar çəninə raket düşməsi nəticəsində istehsalın dayandığını, lakin xəsarət alan olmadığını bildirib. AFP müxbirləri Süleymaniyə də daxil olmaqla bir çox şəhərdə elektrik kəsintilərinin yaşandığını xəbər veriblər.
Regional Elektrik İdarəsi hücumun Kürdüstanın enerji şəbəkəsinin 80 faizini sıradan çıxardığını bildirib. Rəsmilər qeyd ediblər ki, zərər yalnız bir çənlə məhdudlaşarsa, enerji təchizatı 48 saat ərzində bərpa oluna bilər.
İraq uzun illər davam edən müharibə və qarşıdurmalardan sonra nisbətən stabilləşsə də, bu cür hücumlarla hələ də üzləşir. ABŞ-la yaxın əlaqələri olan Kürdüstan Regional Hökuməti əvvəllər də silahlı qrupları bölgədə dron və raket hücumları törətməkdə ittiham edib.
Regional baş nazir Məsrur Bərzani ABŞ-ı bölgəyə müdafiə avadanlığı təmin etməyə çağırıb. Onun aparat rəhbərinin müavini Əziz Əhməd X-də yazıb:
“ABŞ hökuməti nə qədər hücumdan sonra Kürdüstan Regional Hökumətinə hava məkanımızı və kritik infrastrukturu qorumaq üçün anti-dron avadanlığı almağa icazə verəcək?”
ABŞ-ın İraq üzrə xüsusi elçisi Mark Savaya hücumu pisləyərək bunun “qanunsuz fəaliyyət göstərən və xarici düşmənçilik gündəmləri ilə yönləndirilən silahlı qruplar tərəfindən” həyata keçirildiyini bildirib. O qeyd edib ki, “tam suveren İraqda belə qruplara yer yoxdur”.
Kompleks ABŞ tərəfindən maliyyələşdirilən yeni layihənin bir hissəsidir
Sənaye mənbəyinə görə, hücum hədəfi olan maye saxlama çəni ABŞ tərəfindən qismən maliyyələşdirilən və Amerika podratçısı tərəfindən tikilən yeni infrastrukturun bir hissəsidir. Bu obyekt Xor Mor yatağının hasilat gücünü 50 faiz artıran KM250 layihəsinə daxildir.
Baş nazir Əl-Sudani telefonla Bərzaniyə zəng edərək hücumu “İraqın bütövlüyünə qarşı hücum” kimi qiymətləndirib.