BAKI, AzerVoice, Nailə Babazadə
İsrail ordusunun Suriyanın cənubundakı Kuneytra bölgəsinə bağlı Beyt Cin kəndinə təşkil etdiyi basqında, ikisi uşaq, ikisi qadın olmaqla 13 nəfərin öldüyü, baş verən toqquşmada 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib.
AzerVoice xəbər verir ki, Suriya mətbuatının verdiyi məlumata görə, kənddə bəzi sakinləri zorla saxlamağa çalışan İsrail əsgərləri ilə baş verən toqquşma zamanı ölənlərin və yaralananların sayı artıb. Basqın zamanı İsrail ordusunun helikopterlərlə əməliyyata dəstək verdiyi və kəndin bəzi bölgələrinin top atəşinə tutulduğu qeyd edilib.
AA müxbirinin yerli mənbələrdən aldığı məlumatda, hadisə zamanı çox sayda şəxsin də yaralandığı bildirilib. Suriya rəsmi qurumlarından hələlik açıqlama verilməyib.
İsrail ordusu yazılı açıqlama ilə hücumu təsdiqləyib. Açıqlamada basqının, “İslami Cəmiyyət” üzvü olduğu iddia edilən iki şəxsi saxlamaq məqsədilə təşkil edildiyi, basqın zamanı toqquşma baş verdiyi və 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib. İsrailin açıqlamasında, silahlı olduğu iddia edilən çox sayda şəxsin öldüyü və bəzi şəxslərin saxlandığı da qeyd olunub.