BAKI, AzerVoice, Orxan Qədirzadə
BMT ekspertləri Əl-Fəşirdə insan alveri, cinsi zorakılıq və uşaqların silahlı qruplara cəlb edilməsinin təhlükəli səviyyəyə çatdığını bildirib
AzerVoice xəbər verir ki, BMT-nin müstəqil insan hüquqları ekspertləri cümə axşamı beynəlxalq ictimaiyyəti Sudanın Şimali Darfur vilayətinin paytaxtı Əl-Fəşir və ətrafında artan insan alveri, cinsi zorakılıq və uşaqların silahlı qruplara cəlb edilməsi hallarına qarşı təcili tədbirlər görməyə çağırıb.
Mütəxəssislər Sürətli Dəstək Qüvvələrinin (RSF) şəhər və yaxın əraziləri ələ keçirməsindən sonra hüquq pozuntuları ilə bağlı sübutların sürətlə çoxaldığını deyiblər. Bəyanatı imzalayanlar arasında insan alveri üzrə xüsusi məruzəçi Siobhan Mallalli, müasir köləlik formaları üzrə məruzəçi Tomoya Obokata, uşaqların satışı və cinsi istismarı üzrə məruzəçi Mama Fatima Sinqatə və ölkə daxilində məcburi köçkünlərin hüquqları üzrə məruzəçi Paula Qaviriya yer alıb.
Ekspertlərin birgə bəyanatında qeyd olunub ki, RSF nəzarətində olan zonalarda qadın və qızların qaçırılması ilə bağlı çoxsaylı məlumatlar daxil olur, tənha və ya ailəsindən ayrılmış qız və qadınlar isə cinsi zorakılıq və istismara daha yüksək risk altında qalır.
RSF-in 2024-cü ilin mayından davam edən Əl-Fəşir mühasirəsi nəticəsində Şaqra, Zamzam və Əbu Şuk düşərgələri də daxil olmaqla, ən azı 470 min insan dəfələrlə evlərini tərk etməyə məcbur olub. Ekspertlərin məlumatına görə, Sudan üzrə 6 milyondan çox uşaq - onların 27 faizi beş yaşdan kiçikdir - ölkə daxilində məcburi köçkün vəziyyətindədir və ya qonşu dövlətlərə sığınmağa çalışır.
Bəyannamədə müxtəlif zorakılıq hallarının təsdiqləndiyi bildirilib. 2025-ci ilin iyununda 15–17 yaşlı qızların Şaqra ilə Tavila arasındakı RSF nəzarət-buraxılış məntəqəsi yaxınlığında zorlandığı məlumat verilib. Əl-Fəşir Universitetinin yaxınlığındakı sığınacaqda isə 25 qadının silah hədəfi altında zorlandığı iddia olunur. Eyni zamanda, buraxılış məntəqələrində məcburi çılpaqlıq halları qeydə alınıb.
Ekspertlər deyib ki, daxili məcburi köçkün olan qadın və qızların bir qismi “cinsi köləlik və digər istismar formaları üçün insan alverinə” məruz qalır. Uşaqların silahlı qruplar tərəfindən cəlb edilməsi və istifadə edilməsi faktlarının da artdığı vurğulanır.
Onlar, həmçinin, Şimali Darfurun qeyri-ərəb icmalarından olan Zəğava və Fur qız və qadınlarının “etnik motivlərlə hədəfə alınaraq zorlandığına dair çoxsaylı sübutların” mövcud olduğunu bildiriblər.
Bəyannamədə qadın və qızların məcburi nigaha verilərək “seksual istismar məqsədilə qanunsuz saxlanıldığı” və bunun beynəlxalq hüquqa görə “cinsi köləlik” əlamətləri daşıdığı qeyd edilib.
Ekspertlər yardımın qarşısının alınması və xidmətlərin dağılması fonunda ailələrin “sığınacaqdan, sağlamlıq xidmətlərindən və minimum təhlükəsizlikdən məhrum qaldığını”, vəziyyətin humanitar fəlakətə çevrildiyini vurğulayıblar.
Onlar bütün tərəfləri mülki şəxslərə qarşı zorakılığı dayandırmağa çağırıb. “Qadın və uşaqların insan alveri, cinsi köləlik və istismar məqsədilə cəlb edilməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.”-açıqlamada deyilib.
Xüsusi məruzəçilər BMT İnsan Hüquqları Şurası tərəfindən təyin olunan, könüllü əsasda işləyən və BMT əməkdaşı hesab edilməyən müstəqil ekspertlərdir.