BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya şirkətlərinə ölkə daxilində 64 sahə üzrə yaradılacaq şirkətlərin kapitalında 100 faiz paya sahib olmaq hüququ verib.
AzerVoice xəbər verir ki, paralel olaraq, BƏƏ şirkətləri də Rusiyada səhiyyə və təhsil sahələrində tam sərmayə imkanı, həmçinin pərakəndə ticarət, otelçilik və restoran biznesində filial açmaq hüququ əldə ediblər.
Rusiya şirkətləri üçün tam sərmayə hüququ tədqiqat və inkişaf, dəniz və hava gəmilərinin təmiri, dəmir yolu daşımaları kimi sektorlarda açıq olacaq. Bundan əlavə, kompleks mühəndislik xidmətləri, ekipajsız gəmi icarəsi və sərnişinlərin dəniz yolu ilə daşınması sahələrində 70 faizlik iştirak hüququ nəzərdə tutulur.
Ekspertlərə görə, bu qərar iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Genişlənən investisiya imkanları və bazarlara çıxış, qarşılıqlı sərmayələrin artmasına və strateji əhəmiyyət kəsb edən sektorlarda işgüzar əlaqələrin möhkəmlənməsinə təkan verəcək.