BAKI,AzerVoice, Fərid Mikayılov
Rusiya Prezidenti Vladimir Putin Ukraynada davam edən münaqişənin əsas səbəblərindən birinin Qərb ölkələrinin Kiyevi NATO-ya cəlb etmək cəhdləri olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, Putin bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, illərdir davam edən bu siyasət Moskvanın milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradıb.
“Ukrayna böhranının kökündə Qərbin onu NATO-ya daxil etməyə yönəlmiş davamlı cəhdləri dayanır. Biz dəfələrlə və illər boyu bunun Rusiya təhlükəsizliyi üçün birbaşa təhlükə təşkil etdiyini vurğulamışıq” – deyə Putin qeyd edib.
O, əlavə edib ki, 2014-cü ildə Ukraynada baş vermiş hakimiyyət dəyişikliyi də Qərbin təsiri ilə reallaşıb və münaqişənin formalaşmasına zəmin yaradıb.
Putin, həmçinin, münaqişənin həlli üçün şərtləri bir daha xatırladıb.
Onun fikrincə, Ukrayna neytral statusunu saxlamalı və hərbi alyanslara qoşulmamalıdır. Bu, bölgədə uzunmüddətli sabitlik üçün əsas zəmin hesab olunur.