BAKI,AzerVoice, Fərid Mikayılov
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı güc tətbiq edəcəyinə dair təhdidlərini kəskin şəkildə qınayıb və bu cür addımların Karib hövzəsində sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, rəsmi bəyanatda qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri Venesuela xalqına qarşı illərdir davam edən müdaxiləçi və qanunsuz siyasətin davamıdır.
Nazirlik vurğulayıb ki, bu davranışlar BMT Nizamnaməsinin xüsusilə 2-ci maddəsinin 4-cü bəndinə ziddir. Həmin bənd müstəqil dövlətlərə qarşı güc tətbiqini və ya güc tətbiqi ilə hədələməyi qəti şəkildə qadağan edir.
İran tərəfi əlavə edib ki, ABŞ administrasiyasının beynəlxalq hüququn əsas normalarına artan sayğısızlığı beynəlxalq sistem üçün ciddi narahatlıq doğurur.
Bəyanatda BMT Təhlükəsizlik Şurası və Baş katibinə çağırış edilərək Karib regionunda sülh və sabitliyi təhdid edən bu təhlükəli vəziyyətə təcili diqqət ayrılmasının vacibliyi vurğulanıb.