BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyədə Ədirnənin Enez mahalında baş verən meşə yanğınlarına müdaxilə tədbirləri davam etdirilir.
AzerVoice xəbər verir ki, Böyükevren kəndində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə Gülçavuş kəndinə doğru yayılıb. Hadisə yerinə Meşə Əməliyyat Müdirliyi, AFAD, İl Xüsusi İdarəsi, yanğınsöndürmə briqadaları və hava vasitələri cəlb olunub. Gün batana qədər havadan və qurudan söndürmə işləri aparılıb, gecə saatlarında isə mübarizə qurudan davam etdirilib.
Yanğın təhlükəsi səbəbindən sahil boyu yerləşən bəzi bağ evlərində yaşayan sakinlər təxliyə edilib. İlkin məlumata görə, 4 bağ evi yanıb. Ədirnə valisi Yunus Sezər yanğının küləyin təsiri ilə geniş əraziyə yayıldığını, yaşayış məntəqələrinin zərər görməməsi üçün intensiv tədbirlərin görüldüyünü bildirib.
Qeyd edək ki, hazırda Böyükevren və Gülçavuş kəndlərində yanğının qarşısının alınması üçün gücləndirilmiş əməliyyat davam edir, risk altında olan sahilboyu yaşayış yerlərində təxliyə tədbirləri həyata keçirilir.