BAKI, AzerVoice , Nərmin Ağayeva
İspaniyanın şimalında ilin ən böyük meşə yanğını baş verib, minlərlə insan təhlükəsizlik məqsədilə təxliyə olunub.
AzerVoice xəbər verir ki, yüksək temperatur və güclü külək səbəbindən Leon, Ourense, Navarra və Avila bölgələrində yanğınlar davam edir. İki gün ərzində 1500-dən çox insan təxliyə edilib. Leon yaxınlığındakı, 1997-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Las Medulas Təbiət Parkına da alovun yayılmaması üçün hərbi qüvvələr səfərbər olunub. Cənub sahilində yerləşən Tarifa şəhərində isə çimərliklərdən, evlərdən və otellərdən 2000-dən çox insan köçürülüb.
İspaniyanın Baş naziri Pedro Sançes sosial mediada yanğınların gedişatını izlədiklərini, hərbi yardım qruplarının Zamora və Leon bölgələrində fəaliyyətə başladığını bildirib və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.
Qeyd edək ki, bu il İspaniyada təxminən 36 min hektar meşə sahəsi yanıb. Ekoloji Keçid və Demoqrafik Mübarizə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 500 hektardan çox ərazini yandıran iri yanğınların sayı son 10 ilin orta göstəricisini keçərək 15-ə çatıb.