BAKI, AzerVoice , Fərid Mikayılov
Avropa İttifaqının (Aİ) Rusiya ilə ticarət və enerji əməkdaşlığını dayandırması nəticəsində yaranan ümumi iqtisadi itkilər 1 trilyon avronu ötüb.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, əksər ekspertlərin hesablamaları enerji əməkdaşlığının kəsilməsi və ticarət əlaqələrinin azalmasının Aİ üçün 1 trilyon avrodan çox zərərə səbəb olduğunu göstərir.
Qruşko xatırladıb ki, 2013-cü ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 417 milyard avro təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 60 milyard avroya enib və hazırda faktiki olaraq sıfıra yaxınlaşıb. O, bunu “itirilmiş gəlir” kimi dəyərləndirib.
Rusiya XİN rəsmisi həmçinin vurğulayıb ki, Avropada təbii qazın qiyməti ABŞ-dakı göstəricidən 4–5 dəfə, elektrik enerjisinin qiyməti isə 2–3 dəfə yüksəkdir.
Qruşko bu fərqlərin Avropa ölkələrinin Rusiya ilə bütün iqtisadi əlaqələri kəsməsinin ödədiyi qiymət olduğunu qeyd edib.