BAKI, AzerVoice, Zeynəb Raminqızı
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə verdiyi 10 günlük ultimatumun bitməsinə cəmi dörd gün qalmış Vaşinqtonun xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib.
AzerVoice xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ildən bu yana davam edən müharibənin sonlandırılması üçün diplomatik səylər davam edir.
Dünən ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun Moskvaya səfəri bu səylərin ən kritik mərhələsi hesab olunur. Səfər, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə təyin etdiyi 10 günlük ultimatumun bitməsinə cəmi dörd gün qalmış reallaşıb.
Amerika mənbələrinin məlumatına görə, Vitkoffun Moskvaya göndərilməsi Trampın “Putinə verdiyi son şans” kimi qiymətləndirilir. Əgər Vitkoff bu beşinci görüşündən də konkret nəticə olmadan qayıdarsa, ABŞ və Rusiya arasında gərginliyin daha da artacağı, hətta Co Bayden dövründən də sərt münasibətlərin bərpa olunacağı ehtimal edilir.
Kreml hələlik Vitkoffun səfəri ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Lakin Rusiya prezidenti Vladimir Putin Belarus lideri Lukaşenko ilə görüşündə Vaşinqtona dolayı mesaj göndərib.
“Ukrayna məsələsi çox mürəkkəbdir və açıq şəkildə müzakirə edilə bilməz. Qapalı danışıqlar aparılmalıdır,” – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında qarşılıqlı hava hücumları davam edir. Ukrayna ordusu Ryazan və Novokuybışevskdəki Rusiya neft obyektlərinə hücum təşkil edib. Rusiya isə Ukraynanın cəbhə xəttinə yaxın Nikolayv şəhərinə və digər bölgələrə yüzlərlə PUA və raket buraxaraq geniş dağıntılara səbəb olub.
Əgər diplomatik səylər nəticə verməsə, Trampın hazırladığı yeni sanksiya paketinin yaxın günlərdə tətbiq olunacağı gözlənilir. ABŞ paralel olaraq Kiyevlə də təmaslarını intensivləşdirərək, Ukrayna üzrə ikinci xüsusi nümayəndəsi Keyt Kelloqu Kiyevə göndərib.