BAKI, AzerVoice , Nailə Babazadə
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri bildirir ki, 10 mart 2025-ci il tarixində Suriya hökuməti ilə SDG terror təşkilatı arasında əldə olunan razılaşmaya əsasən, il sonuna qədər terror təşkilatının Suriya ordusuna inteqrasiyası təmin edilməlidir. SDG-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı sahədəki inkişafları yaxından izləyirik.
AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Onlar Suriya ilə bağlı son vəziyyət barədə məlumat veriblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri, Milli Müdafiə Naziri Yaşar Gülərin ABŞ-ın Ankaradakı səfiri və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Cozef Barrakı qəbul etməsi ilə bağlı suallara cavab olaraq, regional məsələləri müzakirə etdiklərini bildiriblər.
“ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Cozef Barrak 28 iyul 2025-ci ildə nazirimizlə görüşüb. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub, müdafiə sənayesi əməkdaşlığının dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.” - deyə qeyd edilib.