BAKI, AzerVoice
İranın İsfahan əyalətindəki Şəhid Beheşti Beynəlxalq Hava Limanı bir aydan çox fasilədən sonra daxili və beynəlxalq uçuşları bərpa edib.
AzerVoice xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Mülki Aviasiya Təşkilatı uzun müddət uçuşlara bağlı olan hava limanı ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilir ki, sahə araşdırmaları, texniki, operativ və təhlükəsizlik şərtlərinin ətraflı qiymətləndirilməsi nəticəsində İsfahandakı Şəhid Beheşti Beynəlxalq Hava Limanı bu gündən etibarən yenidən uçuşlara açılıb.
Hava limanının infrastruktur hazırlıqlarının tamamlandığı və 34 günlük bağlanmadan sonra heç bir məhdudiyyət olmadan uçuşların həyata keçiriləcəyi bildirilib.
Xatırladaq ki, İsrail ilə ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda, 13 iyun tarixində İsrail İranın bir sıra şəhərlərindəki nüvə və hərbi obyektlərə, eləcə də mülki sahələrə hücumlar təşkil etmişdi.
Bu hücumlarda ölkənin hava limanları hədəfə alınmış və müxtəlif şəhərlərdə yerləşən hava limanlarında ciddi ziyan yaranmışdı.
Həm uçuş zolaqlarında müşahidə olunan ziyan, həm də hücumlar nəticəsində daim aktiv vəziyyətə gətirilən hava hücumundan müdafiə sistemləri səbəbindən ölkənin hava məkanı uçuşlara bağlanmışdı.
İran ilk mərhələdə ölkənin şərq hissəsindəki, daha sonra isə qərb və mərkəzi bölgələrdəki uçuşlara icazə vermiş, uçuşların saat 05:00-dan 18:00-dək həyata keçiriləcəyini açıqlamışdı.