Əsas səhifə » Suriya hakimiyyəti Süveyda əyalətindən bütün hərbi qüvvələrini geri çəkib

Suriya hakimiyyəti Süveyda əyalətindən bütün hərbi qüvvələrini geri çəkib

BAKI, AzerVoice

Suriya hakimiyyəti ölkənin cənubunda yerləşən Süveyda əyalətindən bütün hərbi qüvvələrini tam şəkildə geri çəkib. Eyni zamanda prezident Əhməd əş-Şəraa Suriya daxilində təhlükəsizliyin təmin edilməsini yerli druz qüvvələrinə həvalə etdiklərini bəyan edib və İsrailin müdaxiləsini pisləyib.
Hökumət qüvvələri geri çəkilmə prosesini sübh tezdən başa çatdırıb.

Prezident Əhməd əş-Şəraa bu gün sübh saatlarında etdiyi çıxışda İsraili Suriyada daxili iğtişaşlar yaratmaqda ittiham edərək bildirib: “İsrail Süveyda əyalətində vəziyyətin gərginləşməsinə səbəb olub.” O əlavə edib: “Qarşımızda iki seçim var: ya İsraillə üz-üzə dayanmaq, ya da daxili cəbhəmizi islah etmək. Biz xaos cəhdlərinə qarşı milli birliklə cavab verəcəyik... Suriya xaos meydanı olmayacaq və ölkəmizin yeni bir müharibəyə sürüklənməsinə imkan verməyəcəyik.”

Prezident ölkənin parçalanması cəhdlərini rədd etdiklərini vurğulayaraq qeyd edib ki, “druzlar Suriyanın milli toxumasının ayrılmaz hissəsidir və onların təhlükəsizliyi bizim üçün prioritetdir.” Əş-Şəraa əlavə edib ki, Süveyda bölgəsində təhlükəsizliyin qorunması vəzifəsi yerli druz qüvvələrinə və dini liderlərə (şeyxül-əqlə) həvalə olunub.

Qeyd edək ki, bazar günü Süveyda əyalətində separatist druz silahlıları ilə bədəvi silahlılar arasında toqquşmalar baş verib və bu qarşıdurmalarda bir neçə nəfər həyatını itirib. Gərginliyin artması ilə hökumət qüvvələri bazar ertəsi əraziyə daxil olaraq döyüşləri dayandırmaq üçün müdaxilə edib. Paralel olaraq İsrail də bu prosesə qoşularaq “druzların müdafiəsi” bəhanəsi ilə Dəməşq yaxınlığı və Suriya cənubuna hava hücumları təşkil edib.
Dünən axşam saatlarında Suriya hakimiyyəti Süveyda bölgəsindəki druz fraksiyaları ilə atəşkəs barədə razılığa gəldiyini elan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice