BAKI, AzerVoice
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin Suriyaya hücumunun beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunun aydın olduğunu bildirib.
AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai verdiyi yazılı açıqlamada İsrailin Suriyadakı hücumlarını ən sərt şəkildə qınadıqlarını bildirib.
Bəqai, İsrailin Suriyadakı hücumlarında ictimai binaları hədəf alaraq işğalını davam etdirdiyini qeyd edərək, "Bu gün hamı açıq şəkildə görür ki, sionist rejimi regionda sülh və sabitliyə ən böyük təhdiddir və bu rejim ABŞ və bəzi digər Qərb ölkələrinin, xüsusilə Almaniya, Böyük Britaniya və Fransanın silah və siyasi dəstəyindən yararlanaraq beynəlxalq sülhə qarşı təhlükə törədir"- ifadələrdən istifadə edib.
Bəqai, İsrailin Qəzzada törətdiyi soyqırım və cinayətlərə qarşı hərəkətsizliyin Təl-Əvivin regionda təcavüzkarlığını artırmasına səbəb olduğunu bildirərək, İƏT və BMT-ni İsrailin bölgədəki təhlükəli müharibə qızışdırması və ekspansionizmini dayandırmaq üçün təcili və təsirli addımlar atmağa çağırıb.
Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.
Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.