Əsas səhifə » Aİ Rusiyaya qarşı 18-ci sanksiya paketini qəbul edə bilməyib

Aİ Rusiyaya qarşı 18-ci sanksiya paketini qəbul edə bilməyib

BAKI, AzerVoice

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiya paketini yenidən qəbul edə bilməyiblər.

AzerVoice xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sanksiyaların qəbulunu bu dəfə Slovakiya bloklayıb. Slovakiya bu addımı atmaqda israrlıdır və bildirir ki, Avropa Komissiyasının 2027-ci ildən etibarən Aİ ölkələrinin Rusiya qazı almağına tam qadağa qoyma planında Slovakiyanın istisna olunmaması ilə bağlı narahatlıqları aradan qaldırılmayana qədər sanksiyaların qəbuluna razılıq verməyəcək.

Slovakiya bu qadağadan ən azı 2034-cü ilə qədər azad olunmaq istəyir. Səbəb isə ölkənin dənizə çıxışının olmaması və mayeləşdirilmiş təbii qazı müstəqil şəkildə idxal edə bilməməsidir.

Digər tərəfdən, Belçikanın RTBF telekanalının verdiyi məlumata görə, 18-ci sanksiyalar paketini həmçinin Malta da bloklayır. Malta hesab edir ki, paketdəki Rusiya nefti daşıyan şirkətlərə qarşı sanksiyalar, dəniz daşımalarına ixtisaslaşmış ölkə olaraq onun iqtisadi maraqlarına zərər vura bilər.

Qeyd edək ki, Avropa Komissiyasının Aİ ölkələrinin Rusiya qazı almasının qadağan olunması ilə bağlı planı, Aİ-nin ticarət siyasəti çərçivəsində qəbul olunur. Aİ Şurasında ticarət qərarları ixtisaslaşdırılmış səs çoxluğu ilə qəbul edilir, xarici siyasət qərarları isə yalnız yekdilliklə qəbul oluna bilər.

Bu isə o deməkdir ki, Slovakiya 18-ci sanksiyalar paketinin qəbulunu bloklaya bilər, lakin hətta Macarıstanla birlikdə Rusiya qazının alınmasına qoyulan qadağa planını əngəlləyə bilməz. Məhz buna görə də Slovakiya 18-ci paketi veto edərək hazırda qaz idxalına hüquqi zəmanət almaq üçün yeganə təsir vasitəsindən istifadə edir.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər nazirləri çərşənbə axşamı Aİ Şurasının iclasında 18-ci paketi qəbul edə bilməyiblər.

Digər Kateqoriyalar

2025 © Azervoice