BAKI, AzerVoice
İran İslam İnqilabının Ali Lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, ABŞ və İsrailin son aylarda İrana qarşı həyata keçirdiyi hərbi və siyasi təzyiqlər zamanı xalq fərqli mövqelərə baxmayaraq bir araya gələrək milli həmrəylik nümayiş etdirib.
AzerVoice xəbər verir ki, onun sözlərinə görə, bu birlik düşmənlərin planlarını iflasa uğradıb və hazırda bu həmrəyliyin qorunması hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.
“Fərqli fikirlərə və inanca sahib olan insanlar belə ölkənin suverenliyini müdafiə etmək üçün bir mövqedən çıxış etdilər”- deyə o bildirib.
Xameneinin sözlərinə görə, xalqın mövcud təhlükələr qarşısında nümayiş etdirdiyi milli birliyin və möhkəm dayanışmanın nümunəsi digər ölkələr üçün örnək ola bilər.
“Düşmənlərin gözlədiyinin əksinə olaraq, xalqımız siyasi və dini fərqlərə baxmayaraq vahid cəbhədə birləşdi. Bu həmrəyliyin davam etməsi üçün hər bir fərd məsuliyyət daşıyır”- deyə Xamenei vurğulayıb.
Ayətullah Xameneinin bu açıqlamaları ABŞ və İsrailin İrana qarşı artan təzyiqləri, xüsusilə nüvə obyektlərinə və hərbi infrastrukturuna yönəlmiş hücumlar fonunda ölkə daxilində siyasi və ictimai sabitliyin qorunmasının prioritet olduğunu bir daha göstərir.